Tarix-Diyarşünaslıq MuzeyiQazax tarixinə səyahət
Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan tarixinin, mədəniyyətinin və xalqının zəngin irsini nümayiş etdirən önəmli məkanlardan biridir. İki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini təsvir edən fotolarla zəngin guşə yer alır. Bundan əlavə, burada təqdim olunan ümumi məlumat bölməsi ilə yanaşı, Qazaxın təbiəti, aparılmış arxeoloji qazıntılar, qədim daş dövrü, orta əsrləri və “bəy evi” kimi digər maraqlı bölmələr ziyarətçilərin marağına səbəb olur.
Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və “Azərbaycan XXI əsrdə” adlı bölmələr var. Həmçinin, həm birinci Qarabağ, həm də ikinci Qarabağ - Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş guşə də yaradılıb. Bu mərtəbədə Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqqında məlumatlar və eksponatlar əks olunub.
Binanın mansardasında yaradılmış iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe ziyarətçilərin rahatlığına xidmət edir. Ən maraq doğuran guşə isə xalçaların ərsəyə gəlmə prosesini muzeydəki kiçik monitorlar vasitəsilə nümayiş olunmasıdır.
2016-cı il oktyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak etmişdir. Muzeyin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılmış, 2016-cı ilin oktyabrında isə tikinti işləri uğurla tamamlanmışdır.