Mil-Muğan elininmətbəx ənənələri
Ət bu bölgə mətbəxində xüsusi yer tutur. Uzun müddət qaynadılan bulyonlar, tənək yarpaqlarına bükülən dolmalar və odun alovunda bişən kabablar bu bölgənin mətbəx xüsusiyyətlərindəndir.
Məsələn, quzu soyutması – bulyonla və ya tək şəkildə təqdim olunan, sadəliyi ilə seçilən bir yeməkdir. Ət doğranaraq yuyulur və suda qaynadılır. Kəfi yığıldıqdan sonra bişmiş ət digər qazana yığılır, üzərinə süzülmüş bulyon əlavə olunur. Soğan xırda doğranaraq yeməyə qatılır, duz-istiot vurulub vam odda bişirilir. Quzu soyutması xüsusilə yay aylarında süfrələrin sevilən yeməklərindəndir.
Süfrələrimizdəki bir çox təamlar oxşar görünsə də, hər rayonun özünəməxsus tərzin olduğunu da unutmamaq vacibdir. İmişli qovurması da belə yeməklərdəndir. Əvvəlcə qaynadılmış, sonra soğanla yağda pörtlədilmiş mal ətinin üzərinə pomidor, turşu, sarıkök, istiot və duz əlavə edilərək 30 dəqiqə qapalı halda bişirilir. Ayrı tavada qızardılan kartof isə sonda yeməyə qatılır. Bu təam turş və ədviyyatlı dadların birləşməsi ilə fərqlənən, adını daşıdığı İmişli rayonunun ləzzətli miraslarındandır.
Mil-Muğanda mütləq dadılmalı digər təamlardan biri də yarpaq dolmasıdır. Onun hazırlanması üçün əvvəlcə ət və soğan birlikdə çəkilir. Sonra isə alınan içliyə keşniş, şüyüd, düyü, duz, istiot və yağ əlavə olunur. Yumşaldılmış tənək yarpaqları bu içliklə bükülür və səliqə ilə qazana düzülür. Üzərinə su əlavə edilir, kəfi yığılır və dolmalar vam odda bişirilir. Bu bölgədə dolma yayda əsasən təzə yarpaqla, qışda isə duzlanmış yarpaqla hazırlanır.
Kabablardan isə burada ən çox hazırlanan tikə kababdır. Quzu əti doğranır, duz və istiot vurularaq şişə çəkilir. Odda bişirilir və doğranmış qırmızı soğan, göyərti və sumaqla süfrəyə verilir. Tikə kabab kənd toyları və açıq hava süfrələrinin əvəzolunmaz ləzzətidir.
Yolunuz Mil-Muğana düşsə, bu təamların dadına baxmaq fürsətini qaçırmayın.