ATBvirtual hakatonu dəstəkləyir

2 Aprel 2020
Azərbaycan Turizm Bürosu virtual dünyada koronavirusla mübarizəyə qoşuldu

Məlum olduğu kimi, real dünyada koronavirus pandemiyası ilə mübarizə virtual mühitdə də davam edir. 2020-ci ilin 10-12 aprel tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizəyə yönləndirilmiş texnoloji həllərin bir araya gətirilməsi üçün “Hack COVİD-19” adlı virtual Hakaton keçiriləcəkdir. Azərbaycan Turizm Bürosu yaranmış çətinliklərin və turizm sənayesinə dəymiş zərərin aradan qaldırılması məqsədi ilə həyata keçirdiyi tədbirlər çərçivəsində sözügedən Hakatonun rəsmi tərəfdaşı olmuşdur.

Turizm sənayesi koronavirusun səbəb olduğu böhranın ən çox mənfi təsir göstərdiyi sahələrdən biridir və hazırda həm yerli, həm də dünya turizminin inkişafı üçün innovativ, o cümlədən rəqəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Azərbaycan Turizm Bürosu, PAŞA Bank, eyni zamanda Startup Grind Tbilisi, MeOut və Start-Ist kimi təşkilatların tərəfdaşlığı ilə təşkil olunacaq bu hakaton tam olaraq virtual formada keçiriləcəkdir. Belə ki, koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə turizm destinasiyalarının tətbiq etməli texnoloqiyalar barədə ideyalarını təqdim edib prototiplərin hazırlanmasını təmin etməklə, müsabiqə iştirakçıları qlobal həllərin ərsəyə gətirilməsinə öz töhfələrini verəcəklər.

Hakatonda iştirak etmək üçün 9 aprel tarixinədək www.hackcov19.com saytında qeydiyyatdan keçmək və komandanız, ideyanız və həmin ideyanın tətbiqi haqqında məlumatı təqdim etmək lazımdır.

İdeyalarınızı təkmilləşdirmək üçün bir həftə vaxt veriləcəkdir. Mentorlarla ideyalar üzərində işlədikdən sonra iştirakçılar Hakatonun sonunda həllərini yerli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim edəcəklər.

Hakatonun mükafat fondu 10 000 ABŞ dollarıdır – birinci yer üçün 5 000 dollar, ikinci yer üçün 3 000 dollar, üçüncü yer üçün isə 2 000 dollar məbləğində mükafat nəzərdə tutulub.

xəbər bülletenimizə abunə olun