Bu payızın əsas tədbirləri

Payız Bakıda şəhəri gəzmək və onun gözəlliklərini kəşf etmək üçün ən əlverişli fəsillərdən biridir. Sentyabr və oktyabr aylarında keçiriləcək tədbirlər isə paytaxtda bu mövsümü daha da maraqlı edəcək.

Payız tədbirləritəqvimi

Bu payızınəsas tədbirləri

Bu payız Bakıya səyahət etməyi planlaşdırırsan? Səfərini daha maraqlı edəcək tədbirləri seç, tarixləri yadda saxla və marşrutuna əlavə et. Mövsümün əsas tədbirlərini bir araya topladıq ki, seçim etmək daha asan olsun.

13 sentyabr tarixində Comic Con Baku 2026 kino, serial, videooyun, kospley, K-pop, komiks və gik mədəniyyəti həvəskarlarını bir araya gətirəcək. Proqram çərçivəsində sual-cavab sessiyaları, avtoqraf görüşləri, kospley şouları, tematik zonalar, master-klaslar, "Artist Alley" və xüsusi qonaqlarla görüşlər keçiriləcək. Qonaqlar arasında “Taxt oyunları” və “1917” filmləri ilə tanınan aktyor Din-Çarlz Çepmen də olacaq.

20 sentyabr tarixində supermodel və dünya ulduzu Naomi Kempbell "boolood" səhnəsində xüsusi DJ set ilə çıxış edəcək. Gecə ərzində haus, afro-haus, amapiano, reqqi, R&B və denshol ritmləri səslənəcək. Ondan əvvəl isə səhnəyə Mosoo & Sentin çıxacaq.

Sentyabrın sonunda Bakıda Formula 1 Azərbaycan Qran-prisi keçiriləcək. 24–26 sentyabr tarixlərində baş tutacaq yarışlar üç gün ərzində paytaxtı dünya avtoidmanının mərkəzinə çevirəcək. Şəhərin mərkəzindən keçən tras sürət və tarixi Bakı mənzərələrini bir araya gətirəcək.

Oktyabrın ilk həftəsində idman həyəcanı “Baku World Senior Judo Championships 2026” ilə davam edəcək. 4–11 oktyabr tarixlərində keçiriləcək yarışlarda müxtəlif ölkələrdən olan iştirakçılar öz yaş kateqoriyalarında dünya çempionu adı uğrunda mübarizə aparacaqlar.

İdmandan sonra növbə qastronomiyaya çatır. “GastroFest” 3–4 və 10–11 oktyabr tarixlərində İçərişəhərdə, Qoşa Qala qapıları önündə keçiriləcək. Festivalda yerli aşpazlar, kulinariya ustaları və sənətkarlar bir araya gələcək. Qonaqları müxtəlif təamlar, canlı musiqi və rəngarəng festival proqramı gözləyir.

Oktyabrın sonu isə incəsənət həvəskarları üçün xüsusilə maraqlı olacaq. “Baku International Arts Festival” (BIAF 2026) 28 oktyabr – 8 noyabr tarixlərində keçiriləcək və musiqi, teatr və rəqs sahələrində 20-dən çox tədbir təqdim edəcək. Proqramda “Akram Khan Company”nin tamaşası, skripkaçı Maksim Vengerovun Azərbaycan Dövlət Simfonik Orkestri ilə çıxışı və Uilyam Kentridcin Dmitri Şostakoviçin 10-cu simfoniyasına həsr olunmuş multimedia layihəsi yer alır.

Ayın son günlərində şəhərin müxtəlif məkanları “Fly to Baku Art Weekends” çərçivəsində incəsənət tədbirlərinə ev sahibliyi edəcək. 30 oktyabr – 1 noyabr tarixlərində sərgilər, görüşlər, mühazirələr və digər tədbirlər keçiriləcək. Proqram müasir incəsənətlə maraqlananlar üçün Bakının yaradıcı mühitini kəşf etmək imkanı yaradacaq.

Maraqlandığın tədbirləri seç, tarixləri qeyd et və Bakıya səyahətini planlaşdır.

QALEREYA

Payızını Bakıda keçir

xəbər bülletenimizə abunə olun