ATB və “Flynas” hava yolları arasındamemorandum imzalanıb

23 Dekabr 2022
Azərbaycan Turizm Bürosu və “Flynas” hava yolları arasında birgə əməkdaşlığı genişləndirmək üçün memorandum imzalanıb

Dekabrın 20-də Azərbaycan Turizm Bürosu ilə “Flynas” hava yolları arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Anlaşma Memorandumu” imzalanıb. Memorandum sənədini ATB-nin İdarə heyətinin sədri Florian Zenqstşmit və “Flynas” aviaşirkətinin Beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.

İmzalanan memorandum təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanması məqsədini daşıyır.

“Azərbaycana gələn səudiyyəli turistlərin sayının artması bizi daha əlverişli səyahət təcrübəsi yaratmağa sövq etdi. Müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və təbii ki, birbaşa uçuşlarla biz daha çox səudiyyəli turistin Azərbaycana cəlb edilməsini hədəfləyirik.” - deyə Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit bildirib. O, həmçinin statistikaya əsasən cari ilin yanvar-noyabr aylarında Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana 93 611 turistin gəldiyini, bunun isə öz növbəsində pandemiyadan sonrakı dövrdə bərpanın 91%-ni təşkil etdiyini vurğulayıb.

“Flynas” aviaşirkəti 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana uçuşlar həyata keçirən ilk hava yolları şirkətidir. 2022-ci ilin yay aylarında iki ölkə arasında uğurlu turist mübadiləsi daha çox nəzərə çarpdı və nəticə etibarilə Bakı ilə Ər-Riyad, Ciddə və Dammam arasında həftə ərzində ümumilikdə 15 uçuş həyata keçirildi. Hazırda Bakı ilə Ər-Riyad arasında həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri birbaşa uçuşlar həyata keçirilir. Növbəti ilin yay aylarında isə aviaşirkət öz reyslərini ikiqat artırmağı və Azərbaycana gələn səudiyyəli turistlərin sayının artırılmasını planlaşdırır.

Hazırda 100-dən çox ölkənin vətəndaşı Azərbaycana rahatlıqla səyahət edir. Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Azərbaycana daxil olmaq üçün ya planlaşdırılan gəliş tarixindən ən azı üç gün əvvəl evisa.gov.az portalı vasitəsilə elektron viza üçün müraciət edərək və ya Azərbaycana gəldikdə hava limanında vizanı asanlıqla ala bilərlər.

xəbər bülletenimizə abunə olun