Qlobal TurizmPlastik Təşəbbüsü
ATB 2025-ci ilə qədər lazımsız plastik bağlamalar və əşyalardan uzaqlaşmağı təşviq etmək və mühüm tərəfdaşlarla kollektiv şəkildə turizm sənayesinin ətraf mühitə təsirini azaltmağa töhfə vermək məqsədilə 2021-ci ildə Qlobal Turizm Plastik Təşəbbüsünə qoşularaq sözügedən problemin həlli istiqamətində vacib addım atmışdır. ATB bu qlobal təşəbbüsə qoşulmaqla ölkədə fəaliyyət göstərən turizm subyektləri və plastik çirklənmə üzrə mütəxəssislər arasında müxtəlif müzakirə və görüş platformaları vasitəsilə bir sıra öhdəliklərin icrasını öz üzərinə götürüb.
Təşəbbüs çərçivəsində plastik istehsalına və istifadəsinə təsir edən qanunların qəbulu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əməkdaşlıq həm fərdləri, həm də birlikləri ətraf mühiti çirkləndirən plastik tullantıların miqdarını minimuma endirməyə kömək edən tədbirlər görməyə təşviq edəcək. Cəmiyyətdə məlumatlılığın artırılması zəncirin ilk halqasını təşkil edir ki, ATB öz növbəsində Bakıda və dünyanın müxtəlif yerlərində yerləşən nümayəndəlikləri və turizm məlumat mərkəzlərində müxtəlif materialları təkrar emal və istifadə edir, həmçinin sənaye tərəfdaşlarını da prosesə qoşulmağa həvəsləndirir. Partnyorlardan Azərbaycan Hotellər Assosiasiyası ağacəkmə təşəbbüsünə, akkumlyator və plastikin təkrar emalı ilə bağlı tədbirlərə start verib.
Nəticə etibarilə turistlər və yerli sakinlər kütləvi aksiyaların problemin həllində effektivliyini görür və bu ekoloji hərəkata qoşularaq kəşflər diyarı Azərbaycanı hər kəsin kəşf etməsi üçün səy göstərirlər. Çünki biz hamımız birlikdə Azərbaycanın təbiətini ilk növbədə özümüz və gələcək nəsillər üçün qorumalıyıq.
Təşəbbüsə dəstək göstərmək üçün indi bu 3 sadə addımla başlayın: plastikdən istifadəni azaldın, təkrar emal edin və təkrar istifadə edin.