Dağlıq Şirvanınqastronomiya inciləri
Dağlıq Şirvanın mətbəx mədəniyyətində Lahıc xüsusi yer tutur. Bu qəsəbə yalnız misgərlik ənənələri ilə deyil, həm də nəsildən-nəslə ötürülən qədim reseptlər əsasında hazırlanan ləzzətli yeməkləri və şirniyyatları ilə tanınır.
Lahıcda hazırlanan şəkərçörəyi bölgənin ən sevilən şirniyyat nümunələrindən biridir. Kərə yağı əllə uzun müddət sürtülərək ağardılır, üzərinə yumurta, hil, zəncəfil və şəkər tozu əlavə olunur. Alınan xəmir kündələrə bölünüb buta, aypara və digər formalara salınır. Hazırlanan şirniyyatlar üskük ilə naxışlanır və zəfəran dəmləməsi ilə bəzədilir. Bişmədən öncə şəkərçörəyi sinidə bir neçə saat saxlanılır, daha sonra isə təndirdə zəif odda bişirilir.
Lahıcda səhər süfrələrinin əvəzolunmaz yeməklərindən biri isə xəşildir. İlıq suya az-az ələnmiş un tökülür, taxta qaşıq və ya oxlovla ara vermədən qarışdırılır. Qarışım qatılaşdıqdan sonra zəif odda bişirilir. Süfrəyə dayaz boşqaba çəkilib üzərinə doşab və əridilmiş kərə yağı əlavə edilərək təqdim olunur.
Lahıc dolması da bölgəyə məxsus, ətirli və zəngin dad palitrasına sahib yeməklərdən biridir. Ət və baş soğan qiyməkeşlə döyülərək düyü, duz, istiot və razyana ilə qarışdırılır, alınan içlik isə adətən pip və ya heyva yarpaqlarına bükülür. Dolmalar qazana yığılır, üzərinə su əlavə edilir və üstünə dayaz boşqab qoyularaq vam odda bişirilir. Hazır yemək yarpaq və ədviyyatların verdiyi özünəməxsus ətri ilə seçilir, süfrəyə isə adətən qatıqla birlikdə təqdim edilir. Lahıc dolması həm yerli sakinlərin gündəlik mətbəxində, həm də bayram süfrələrində xüsusi yer tutur.
Bu bölgənin mətbəxi sadəcə yemək deyil — mədəniyyətin, tarixin və yaşam tərzinin bir hissəsidir.