dadlar diyarı Mərkəzi Aran

Mərkəzi Aran — düzənlik və yarımsəhra iqlim qurşağında yerləşən, kənd həyatının öz təbii axarıyla davam etdiyi, qədim adət-ənənələrin və həyat tərzinin qorunduğu bölgələrdəndir.

günəşli tarlalardansüfrəyə

dadlar diyarıMərkəzi Aran

Əsasən Kür çayı boyunca yerləşən bu bölgə qədim suvarma mədəniyyəti, taxılçılıq və bostançılıq ənənələri ilə seçilir. Burada mətbəx zahirən sadə görünsə də, dad baxımından olduqca zəngindir. Yeməklər əsasən təbiətin bəxş etdiyi nemətlərdən – qatıq, tərəvəz, ət və paxlalılardan hazırlanır. İqlimin təsiriylə xörəklər həm yüngül, həm də doyumludur: daha çox yayda sərinlik verən, qışda isə isinməyə köməklik edən dadlara üstünlük verilir. 

Bu təamların arasında yay aylarında süfrələrə sərin nəfəs gətirən atlama xüsusi yer tutur. Qatıq soyuq su ilə qarışdırılır, üzərinə doğranmış xiyar və göyərti əlavə olunur, azacıq duz vurularaq soyuq şəkildə təqdim edilir. Sadə tərkibinə baxmayaraq, həm faydalı, həm də bədənə yüngüllük bəxş edən bir yeməklərdən sayılır. 

Payızda isə süfrələri tez-tez nar qovurma bəzəyir – Mərkəzi Aranın özünəməxsus şirin-turş dad harmoniyasını özündə birləşdirən bu yemək mövsüm ab-havasına ayrıca ləzzət qatır. Mal və ya qoyun əti az miqdarda yağda pörtlədilir, sonra doğranmış soğanla birlikdə qovrulur. Ardınca təbii nar şirəsi və gilələnmiş nar dənələri əlavə olunur. Duz və istiotla tamlanan yemək vam odda bişirilir və süfrəyə isti şəkildə təqdim edilir. 

Qışın soyuğunda isə bığır bozbaşı ilə isinmək həm bədənə, həm də könülə xoşdur. Qoyun əti, noxud, kartof, soğan və təzə pomidorla hazırlanan bu doyumlu yeməyə kərə yağında qovrulmuş soğan və pomidor xüsusi ləzzət qatır. Bişdikdən sonra üstünə səpilən göyərti ona həm təravət, həm də vizual gözəllik verir. 

Bu sadə, lakin özünəməxsus ləzzətlər Mərkəzi Aranı əsl dadlar diyarına çevirir.

QALEREYA

Mərkəzi Aran ləzzətlərini indi kəşf et

xəbər bülletenimizə abunə olun