Şirvan–Salyanın ləziz təamları

Şirvan–Salyan bölgəsi — Kür çayının sahillərindən başlayıb yarımsəhra landşaftlarına qədər uzanan, rəngarəng iqlimi və zəngin təbiəti ilə seçilən unikal bir diyardır. Bu ərazi təkcə təbiət gözəllikləri ilə deyil, həm də özünəməxsus mətbəxi ilə yadda qalır. Burada kulinariya ənənələri çaykənarı kəndlərin gündəlik, orqanik yeməkləri ilə əsrlər boyu formalaşmış mədəni irsi ustalıqla birləşdirir.

bölgəninözünəməxsus mətbəxi

Şirvan–Salyanınləziz təamları

Şirvan–Salyan mətbəxini fərqləndirən əsas cəhətlərdən biri onun balıq yeməkləri, meyvəli xuruşlar və müxtəlif növ plovlarla zəngin olmasıdır.

Məsələn, mütəncəm plov — bu ləzzətli yeməyin xuruşu bişmiş quzu əti, qovrulmuş uzun soğan, alça qurusu, şabalıd, ərik qurusu və kişmiş birləşməsindən hazırlanır. Ənənəvi üsulla süzülmüş düyünün üzərinə zəfəran dəmləməsi və əridilmiş kərə yağı əlavə edilərək plov dəmə qoyulur, hazır xuruş isə plovla birlikdə süfrəyə verilir. Şirin və turş notların ət ilə harmoniyası bu yeməyi həm qonaq, həm də bayram süfrələrinin əsasına çevirir.

Bölgənin gündəlik yeməklərindən olan tavakababın hazırlanması üçün isə ət və baş soğan ətçəkəndən keçirilib, duz və istiot ilə yoğrulur. Alınmış qarışıqdan yastı küftələr düzəldilir və yağda qızardılır. Daha sonra həmin küftələr qızardılmış soğan və pomidor ilə tavada bişirilir. Yeməyin hazır olmasına yaxın çalınmış yumurta əlavə olunur və göyərti ilə servis edilir.

Şirvan mətbəxinin nadir ləzzətlərindən biri olan ilanbalığı kababı üçün isə ilanbalığı tikələrə bölünür və duz, istiot, soğan, limon suyu və yağ qarışığında 0,5–1 saat marinad edilir. Sonra tikələr şişə çəkilərək manqalda bişirilir. Bu kabab növü narşərab, sumaq, doğranmış qırmızı soğan və təzə göyərti ilə süfrəyə təqdim edilir.

Yay aylarının ən maraqlı mövsümi yeməklərindən biri də balıq dolmasıdır. Duzlu balıq təmizlənib içi boşaldılır, azacıq suda saxlanaraq artıq duzu çıxarılır. Daha sonra balığın içinə pomidor, qovrulmuş soğan, zoğal (və ya alça), quru nanə və giləmərzə qarışığından ibarət içlik doldurulur. Balıq yarpaqlara bükülərək tənziflə sarılır və su hamamında bişirilir. Adətən bu dolma yayda qarpızla birlikdə yeyilir.

Bu maraqlı yeməkləri dadmaq və daha neçə-neçə fərqli təamı kəşf etmək üçün yolunuzu Şirvan və Salyan tərəfə salın.

QALEREYA

Təbiətlə mətbəxin balansını Şirvan-Salyan bölgəsində hiss edin

xəbər bülletenimizə abunə olun