ŞuşadaI Beynəlxalq Kulinariya Festivalı

8 May 2022
Şuşada I Beynəlxalq Kulinariya Festivalı

5-8 may, 2022-ci il tarixlərində Şuşa şəhərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən birinci Beynəlxalq Kulinariya Festivalı təşkil olunub.

Festival qonaqları həm milli, həm də beynəlxalq mətbəx nümunələrini dadmaqla yanaşı müxtəlif əyləncə proqramları, eləcə də Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan tanınmış kulinariya ekspertləri tərəfindən aparılan master-klasları izləyə biliblər.

Şuşa şəhəri bu il 270 illiyini qeyd edir və bu münasibətlə 2022-ci il Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Şuşa ili” elan edilmişdir.  Azərbaycanın mədəniyyət paytaxtı olan bu şəhər istedadlı bəstəkar, musiqiçi və şairlərin vətəni, eləcə də muğam və xalçaçılıq məktəbi kimi Qarabağ regionunun cövhəri hesab olunur. 

“Şuşa və ümumiyyətlə Qarabağ regionu zəngin təbii, tarixi və mədəni irsə malikdir. Birinci Beynəlxalq Kulinariya Festivalında Azərbaycan mətbəxinin Şuşa şəhərində yerli və beynəlxalq qonaqlara təqdimatı, eləcə də bütün ölkələr arasında dostluq və multikulturalizmin təşviqi bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Qeyd edək ki, festivalda Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Türkiyə kimi ölkələrdən 40-a yaxın beynəlxalq kulinariya eksperti və bloqer iştirak etmişdir.

 

xəbər bülletenimizə abunə olun