Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycan ilə Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Ukrayna, Moldova, Belarus Respublikası, Qatar və BƏƏ arasında vizasız gediş-gəliş rejimi tətbiq olunur. Beynəlxalq festivalları ilə yanaşı, ləzzətli yemək məclisləri, ailə və sevdiklərinizlə xoş əyləncələr üçün saysız-hesabsız tədbirlər təklif olunur. Bu ölkənin zəngin mədəniyyəti ilə tanış olmadan qış tətilinizi başa vurmayın.
Tətil təqviminizi tərtib edin və bu əyləncəli, mədəni tədbirlərə qatılaraq səyahətinizi daha da zənginləşdirin:
“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası: 1 dekabr-15 yanvar, Bakı
Qışın ortasında heç bir şey Yeni il yarmarkası kimi ürəkləri isitmir. Bu fəsildə Bakının mərkəzindəki Fəvvarələr meydanı geyim, kitab, suvenir və digər məhsullar satılan çadırlar qurulmuş qış möcüzələri diyarına çevrilir. Hədiyyələrinizi aldıqdan sonra kafelərdən birinin işıqları altında bir fincan isti çayın və milli şirniyyatların dadını çıxararaq istirahət edə bilərsiniz. Giriş pulsuzdur.
Yeni il ab-havasında “New Year Village”: 27 noyabr-15 yanvar, Bakı
Bol əyləncə, ləzzətli təamlar, sevilən brendlər və daha çox sürprizlər ilə əsl Yeni il ab-havalı “New Year Village”da qarşılaşacaqsınız. Bu gözəl tədbirin bir hissəsi olmaq istəyən hər kəs 27 noyabrdan Port Baku-ya dəvətlidir. Giriş pulsuzdur.
Yeni İl Sirki – “Gendelfin sehrli kompası”: 14 dekabr-7 yanvar, Bakı
Yeni artistlər, yeni hekayə və dəniz heyvanlarının çıxışı ilə müsbət emosiyalarla dolu olan bu proqram həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq. Bakı Dövlət Sirkində qeyri-adi bir gün keçirməyə hazır olun! Biletləri şəhərin kassalarından və ya buradan onlayn əldə etmək mümkündür.
Hollivud ulduzlarının iştirakı ilə Karnaval gecəsi: 23 dekabr, Bakı
“Fairmont Baku” hotelində valideynlərin və uşaqların ən sevimli qəhrəmanlarından peşəkar animatorlar, maraqlı yarışmalar, rəqslər, oyunlar, və sürprizlərlə dolu əyləncəvi proqram keçiriləcək. Biletləri şəhərin kassalarından və ya buradan onlayn əldə etmək mümkündür.
Şahdağda qış mövsümünün açılışı: 15 dekabr
Xizək sürmək, dağ yolları ilə gəzintiyə çıxmaq, snoubord, qar ayaqqabısında haykinq və digər adrenalin dolu qış möcüzələrini macəra həvəskarları məhz Şahdağda yaşayacaqlar. Unudulmaz qış təəssüratları yaşamağa indidən hazır olun! Buradan rezervasiya edə bilərsiniz.
Tufandağda qış mövsümünün açılışı: dekabr ayından etibarən
Xizək həvəskarları Qəbələ şəhərinin mərkəzindən 4 km məsafədə yerləşən “Tufandağ” Qış-Yay Turizm kompleksinə gedərək çətin xizək yollarını sınaqdan keçirməlidirlər. Həvəskar xizək sürənlər daha asan cığırları seçə bilərlər. Bundan başqa, burada xizək sürmək istəməyənlər üçün də bir çox maraqlı istirahət proqramları nəzərdə tutulub. Buradan rezervasiya edə bilərsiniz.
Ağbulaqda qış mövsümünün açılışı: dekabr ayından etibarən
Naxçıvanda yerləşən Ağbulaq Xizək Mərkəzində dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyer xətləri və saatda 1000-dən artıq turistə xidmət edən kanat ilə qış tətilinin dadını çıxarın. Buradan rezervasiya edə bilərsiniz.