Azərbaycandakı göllərinsehirli atmosferini hiss edin

22 Avqust 2019
Bu payız Azərbaycandakı göllərin sehirli atmosferini hiss edin

İsti yay ayları sona çatanda qarşıdan gələn fəsli salamlamağın ən yaxşı yolu Azərbaycanın sakit göllərinin sahillərini bəzəyən sarı-qırmızı rəngli ağcaqayın və fıstıq  ağaclarını seyr etməkdir. Bu gözoxşayan rəngarəng ağaclar suda əks edərək sehrli nağıllar dünyasını xatırlatmaqla, insanı  sirli və füsunkar aləmlərə inandıran gözəl mənzərələr yaradır.

Yaydan sonra təbiətdən zövq almaq üçün vaxt ayıracağınız siyahını hazırlayırsınızsa, Azərbaycana səyahət etmək üçün sifariş edin və açıq havada ən yaxşı istirahətin ləzzətini yaşayın. Azərbaycan güman etdiyiniz qədər uzaqda deyil. Cəmi bir neçə saatdan sonra siz təmiz dağ havasından, sərin meh və gözoxşayan mənzərələrdən həzz alacaqsınız. Avropa ilə Asiyanın qovşağında yerləşən bu ölkə gözəl, hətta insan ayağı dəyməmiş heyrətamiz təbiət guşələrinə malikdir. Bura təbiətə yenidən qovuşmaq istəyənlər üçün 450-dən çox gölün yerləşdiyi mükəmməl bir məkandır.

Piknikə çıxmaq, qayıqla gəzmək və ətrafdakı dağlara gəzintiyə getmək üçün ideal yerdir. Gözəl mənzərəli möhtəşəm dağlar və sıx meşələrlə əhatə olunmuş büllur sulu təmiz göllərin sahillərində gəzin. Yaxşı istirahətə zəmanət verən ən gözəl məkanların siyahısını təqdim edirik:

 

Nohur gölü – Qəbələ

Gözəl və sakit Nohur gölü möhtəşəm Qafqaz dağlarının ən yaxşı mənzərələrinə malikdir. Bura şəhərin səs-küyündən xilas olmaq üçün sakit ab-havalı, ən ideal istirahət məkanıdır. Qəbələnin ən məşhur və daha çox ziyarət edilən təbii məkanlarından biri olan bu göl meşələr və yüksək dağların qucağında yerləşir.  Buraya gələnlər qayıq gəzintisindən, balıq ovundan və at sürməkdən həzz ala bilərlər. Sakit və rahat istirahət etmək istəyənlər gölün şimal sahilindəki mükəmməl məkanda – “Gabala Chenot Palace Health Wellness” hotelində qala bilərlər.

Qəbələ – Bakıdan 3 saatlıq, 208 km məsafədə yerləşir.

Batabat gölü – Naxçıvan

Dağların, çəmənliklərin və dupduru mavi suların xoş ahəngi Batabat gölünü Naxçıvanın əsl səyahət incilərindən birinə çevirir. Bu mənzərəli gölün unikal xüsusiyyəti səthində üzən adanın olmasıdır. Tamamilə torf və otdan yaranmış bu kiçik adanın gölün dibi ilə heç bir bağı yoxdur. Bu o deməkdir ki, o, bütün il boyu yavaş-yavaş hərəkət edir.

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisində yerləşən Batabat gölü Bakıdan 10 saatlıq, 782 km məsafədə yerləşir.

Göygöl gölü – Göygöl

Cənubi Qafqaz dağlarında yerləşən bu gözəl gölün ətrafında gəzərək təmiz dağ havasını içinizə çəkin.  Göygöl rayonu, ölkənin qərb regionunda yerləşən Gəncə şəhərindən qısa məsafədədir. Göygölün cazibəsi illər boyu bir çox sənətkarı ovsunlamış, gözəlliyindən bəhs edən şeir, rəsm və mahnılar yaratmağa ruhlandırmışdır. Təqribən 3 kilometrə qədər uzanan dərin mavi göl çox zəngin flora və faunaya malikdir. Bura təbiət qoynuna gəzintilər və gözəl pikniklər üçün mükəmməl məkandır.

Göygöl rayonu, Göygöl Milli Parkı Bakıdan 4 saatlıq, 396 km məsafədə yerləşir.

Çənlibel gölü – Quba

Qubanın şimalında yerləşən Çənlibel gölü ailəvi gəzinti və istirahət üçün mükəmməl məkanıdır. Gölün sahilindəki füsunkar çəmənlikdə sakitçilik içində piknikdə əylənin. Sakit bir balıq ovu günü keçirmək istəyirsinizsə, Çənlibel gölü sizin üçün ən əlverişli yerdir. Bu göl dan yeri söküləndə xüsusilə valehedici olur, çünki onun suyu qalxmaqda olan günəşin şəfəqlərini misilsiz bir şəkildə əks etdirir.

Quba rayonu, Nügədi kəndi Bakıdan 2 saatlıq, 170 km məsafədə yerləşir.

Qaranohur gölü – İsmayıllı

Meşənin dərinliyində gizlənən Qaranohur gölü İsmayıllı bölgəsinin yüksəkliyində  yerləşir. Göl gəzintisi təcrübəsi olanlar üçün bu məkan cəlbedici olduğu qədər bu sahədə ilk addımlarını atanlar üçün həyəcan doğuran bir gəzinti olsa da, buna dəyər. Oraya çatanda gölün yaxınlığında nahar etmək insana dinclik gətirir və  gölün bütün gözəlliyi sizi buna həvəsləndirir.

İsmayıllı rayonu, Talıstan kəndi Bakıdan 3 saatlıq, 177 km məsafədə yerləşir.

xəbər bülletenimizə abunə olun