Azərbaycan Turizm Bürosuyeni proqram hazırlayıb

27 Aprel 2020
SAHMAN (Sanitariya və Gigiyena Metodları və Normaları)

Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə layihəsi olan SAHMAN (Sanitation and Hygiene Methods and Norms – Sanitariya və Gigiyena Metodları və Normaları) proqramı hazırlanıb.

Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə hazırlanmış SAHMAN proqramının əsas məqsədi ölkənin mövcud sanitariya, təhlükəsizlik və gigiyena standartlarını təkmilləşdirmək, post-pandemiya dövründə ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır. Sözügedən standartların audit və sertifikatlaşdırması məqsədi ilə PwC şirkəti ilə danışıqlar yekunlaşmaq üzrədir.

COVİD-19 ilə mübarizə məqsədi ilə dövlət səviyyəsində görülən çoxşaxəli tədbirlərin biri olan SAHMAN proqramı təhlükəsizlik, şəffaflıq, sosial məsuliyyət, ədalətlilik, inklüzivlik, əməkdaşlıq və təbliğat kimi vacib prinsiplər rəhbər tutulmaqla həyata keçiriləcəkdir. Proqram çərçivəsində turizm sənayesində innovasiyaların inkişaf etdirilməsinə, aidiyyəti dövlət və özəl tərəfdaşların cəlb olunmasına və bu sektorda işləyənlərin təhlükəsizliyinin təmin olunmasına önəm veriləcəkdir. Bunların nəticəsi olaraq yayda Azərbaycanın Daxili Turizm Kampaniyasına start veriləcəkdir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid: “Hazırkı qlobal pandemiya dövründə sənaye üzrə mövcud standartların yenidən qiymətləndirilməsi və təkmilləşdirilməsinə ehtiyac yaranmışdır. SAHMAN proqramı bütün tərəfdaşları sanitariya normalarının qorunması və turizm sənayesinin inkişafı məqsədi ilə işlərində daha mükəmməl qaydaları tətbiq etməyə çağırır. Bu dəyişiklik ilə yeni standartların böhrandan sonra da tətbiq olunmasını nəzərdə tuturuq”.

Kampaniya Azərbaycan Hotellər Assosiasiyası, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, bələdiyyə orqanları və destinasiya menecmenti təşkilatları (DMT) ilə birgə həyata keçiriləcəkdir. Eyni zamanda, ölkə daxilində yüksək keyfiyyət standartlarının qoruyub saxlanılması məqsədi ilə digər dövlət strukturlarının cəlb olunması da nəzərdə tutulur. İlkin mərhələdə proqramın yerləşdirmə, ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.

Tərəfdaşlar fəaliyyət göstərdikləri sektorlara uyğun tələblərə riayət etmək öhdəliyini qəbul edəcəklər – bunlara zəruri qabaqlayıcı tədbirlər, məsafənin saxlanılması, dezinfeksiya, karantin zonaları, təmizlik metodoloqiyası və digərləri daxildir. SAHMAN üzvləri DTA tərəfindən maliyyələşdirilən 3 əsas dəstək proqramı (Təlim, Ləvazimatlar və Təşviq) vasitəsi ilə stimullaşdırılacaq. SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək.

Audit və sertifikasiya proseduru PwC şirkəti tərəfindən aparılacaqdır. PwC Azərbaycanın ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev: ”Bu böhran dünya üçün bu günə qədər görünməmiş bir çağırış olsa da, çoxsaylı sənayelərdə dəyişikliklərin sürətləndirilməsi üçün əla bir fürsətdir. PwC Azərbaycan Turizm Bürosuna bu kampaniyanın tətbiqində və ölkəmizin turizm və qonaqpərvərlik sənayesinin inkişafında dəstək olmağa hazırdır”.

Proqramın təlimatları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və qaydalarına əsasən dəyişməyə davam edəcək. Üzv olmuş tərəfdaşlar bu təlimatlar barədə bir neçə yolla məlumatlandırılacaq – maarifləndirici materiallar, öncədən təlimdən keçmiş “səfirlər”, onlayn platformalar (məsələn, vebinarlar), xüsusi vebsayt və sosial şəbəkələr vasitəsilə.

“Azərbaycan Turizm Bürosu bu çətin dövrdə sənayeyə dəstək göstərmək üçün innovativ həllərin təmin olunması üzərində işlər aparır. Biz çalışırıq ki, ictimaiyyətin yerli biznesə etimadı artsın. İnanırıq ki, yayda start götürəcək daxili turizm kampaniyası iqtisadiyyatın dirçəlməsinə təkan verəcəkdir. Dünya səyahət etməyə hazır olanda, biz onları ölkəmizdə səbirsizliklə gözləyəcəyik”, Florian əlavə etmişdir.

xəbər bülletenimizə abunə olun