Yayın ritminiAzərbaycanda hiss et
Yaxın zamanlarda Azərbaycana səyahət etməyi planlaşdırırsansa, mövsümün ən maraqlı tədbirləri ilə əvvəlcədən tanış olmağın tövsiyə olunur.
Yay mövsümü iyunun 1-dən iyulun 15-dək “Dəniz Mall”da keçiriləcək “Dəniz Uşaq Festivalı” ilə başlayacaq. Bir neçə həftə ərzində uşaqlar və valideynlər rəngarəng dekorasiyalar, sevimli personajlar, əyləncəli proqramlar və xoş sürprizlərlə dolu əsl bayram ab-havasının şahidi olacaqlar.
Ailəvi istirahət üçün daha bir maraqlı ünvan iyunun 1-dən iyulun 31-dək davam edəcək “CandyFest” olacaq. Festival qonaqlarına tematik zonalar, yay ləzzətləri, oyun meydançaları və əyləncəli şoular təqdim edəcək. Proqramın ən diqqətçəkən hissələrindən biri isə hər axşam su, işıq, musiqi və artistik çıxışların xüsusi sintezini nümayiş etdirən su sirki olacaq.
Moda həvəskarları 12-14 iyun tarixlərində Bakıda keçiriləcək “Mercedes-Benz Fashion Week Azerbaijan” tədbirini qaçırmamalıdırlar. Üç gün ərzində həm tanınmış, həm də yeni nəsil dizaynerlər öz kolleksiyalarını təqdim edəcək, beynəlxalq DJ-lərin iştirakı ilə təşkil olunacaq musiqi proqramı isə moda, incəsənət və müasir mədəniyyəti bir araya gətirəcək.
Eyni tarixlərdə keçiriləcək “Nine Senses Fest 2026” isə bədən, zehin və daxili harmoniyaya həsr olunmuş unikal festivaldır. Dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirəcək tədbir çərçivəsində Bakının müxtəlif məkanlarında master-klaslar, seminarlar, konsertlər, yaradıcı çıxışlar və fərdi inkişaf təcrübələri təşkil olunacaq.
Yay təqviminin növbəti diqqətçəkən tədbiri “Boolood” festivalı olacaq. 20 iyun tarixində Mərkəzi Nəbatat Bağı işıq instalyasiyaları, musiqi və təbiətin vəhdətindən yaranan xüsusi atmosferə bürünəcək. Bir həftə sonra, 27 iyun tarixində festival Bakı bulvarında tanınmış musiqiçilər və DJ-lərin iştirakı ilə davam edəcək.
Mövsümün ən mühüm idman hadisələrindən biri “UFC Fight Night Baku” olacaq. İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək turnir dünyanın müxtəlif ölkələrindən gələn döyüş idmanı həvəskarlarının marağına səbəb olacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Yayın ikinci yarısında musiqisevərlərin diqqəti Xəzər sahillərinə yönələcək. 23-26 iyul tarixlərində keçiriləcək “DREAM FEST 2026” dörd gün ərzində açıq hava konsertləri, məşhur ifaçıların çıxışları və dəniz kənarında unikal festival atmosferi ilə yadda qalacaq.
Bu yay Bakı həm də dünya güləşinin əsas mərkəzlərindən birinə çevriləcək. İyulun 27-dən avqustun 2-dək paytaxtda 17 yaşadək güləşçilər arasında Güləş üzrə dünya çempionatı keçiriləcək. Avqustun sonlarında isə ilk dəfə olaraq yeniyetmələr arasında Çimərlik güləşi üzrə dünya çempionatı və böyüklər arasında Dünya seriyasının mərhələsi təşkil olunacaq.
Klassik musiqi həvəskarlarını yenidən “Qəbələ Beynəlxalq Musiqi Festivalı” qarşılayacaq. İyulun 29-dan avqustun 3-dək keçiriləcək festival illərdir regionun ən əlamətdar mədəni tədbirlərindən biri hesab olunur. Dünyanın müxtəlif ölkələrindən musiqiçiləri, orkestr və ifaçıları bir araya gətirən festivalın builki proqramında britaniyalı musiqiçi Fredrik Ferrierin çıxışı da nəzərdə tutulub.
Yayın ən maraqlı tədbirlərini qaçırmamaq və səyahətini unudulmaz xatirələrlə zənginləşdirmək üçün səfərini indidən planlaşdır.



