tədbirlərlə dolu yaz səni gözləyir

Azərbaycan yaz aylarında rəngarəng tədbirlərlə canlanır və ziyarətçilərə unudulmaz təcrübələr təqdim edir. Aprel və may aylarında ölkənin müxtəlif məkanlarında keçirilən festivallar, konsertlər və idman yarışları mövsümün əsas cazibə nöqtələrinə çevrilir.

Azərbaycandayaz tədbirləri

tədbirlərlə dolu yazsəni gözləyir

Bu yaz Azərbaycana səfər planlaşdıranlar üçün mövsümün əsas tədbirləri ilə tanış olmaq tövsiyə olunur. Hər bir tədbir haqqında daha ətraflı məlumatı aşağıda tapmaq mümkündür.

Yaz mövsümünün ilk diqqətçəkən tədbirlərindən biri Caz və Şərab Festivalıdır. 24 aprel – 3 may tarixlərində Bakı bulvarı ərazisində keçiriləcək festival musiqi və istirahəti bir araya gətirir. Axşam saatlarında canlı caz ifaları dəniz kənarında gəzintilərə xüsusi ab-hava qatacaq.

Ardınca Bədii gimnastika üzrə Avropa kuboku yarışları keçiriləcək. 30 aprel – 3 may tarixlərində Bakıda baş tutacaq bu yarış Avropa kuboku seriyasının bir hissəsi olmaqla yanaşı, müxtəlif formatları özündə birləşdirərək gimnastika həvəskarlarını bir araya gətirəcək.

Eyni zamanda, 30 aprel tarixində Beynəlxalq Caz Günü qeyd olunur. Heydər Əliyev Sarayında keçiriləcək konsert proqramı cazsevərlərə unudulmaz musiqi axşamı bəxş edəcək.

May ayının əvvəlində isə diqqət İçərişəhərə yönəlir. 2–3 may tarixlərində burada keçiriləcək Beynəlxalq Xalça Festivalı sərgilər, master-klaslar və mədəni proqramlar vasitəsilə Azərbaycan xalçaçılıq ənənələri ilə yaxından tanışlıq imkanı yaradacaq.

Yaz tədbirləri sırasında Bakı Marafonu da xüsusi yer tutur. 3 may tarixində “Küləyə qalib gəl” şüarı ilə keçiriləcək marafon bu il ilk dəfə 42 km məsafəni əhatə edərək iştirakçıları şəhərin müxtəlif məkanları boyunca bir araya gətirəcək və aktiv həyat tərzini təşviq edəcək.

May ayının ortalarında isə Şuşa öz qonaqlarını “Xarıbülbül” Musiqi Festivalı ilə qarşılayacaq. 14–15 may tarixlərində keçiriləcək festival muğam, orkestr musiqisi və milli rəqslərlə zəngin proqram təqdim edərək Azərbaycanın musiqi ənənələrini nümayiş etdirəcək.

Yaz mövsümü isə 31 may tarixində keçiriləcək Dilək Balonu Festivalı ilə davam edir. “Mambo Beach” ərazisində baş tutacaq bu tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub və arzu şarlarının səmaya buraxılması ilə yadda qalacaq.

Azərbaycanda yaz mövsümü tədbirlərlə olduqca zəngindir — bu rəngarəng proqramları qaçırmamaq və səfərini daha yaddaqalan etmək üçün planlarını indidən qur.

QALEREYA

Azərbaycanda yazın ritmini hiss et

xəbər bülletenimizə abunə olun