9 dekabr, 2021-ci il tarixində Şəki şəhərində Avropa İttifaqı tərəfindən maliyyələşən, “Slow Food” təşkilatının Azərbaycan Turizm Bürosu (ATB) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” layihəsinin bağlanış mərasimi baş tutub.
Kənd icmalarının iqtisadi dirçəlişini və rifahını təşviq etmək, eləcə də yerli kulinariyanı və mədəni irsin mühafizəsi məqsədini daşıyan layihə ATB-nin davamlı turizm təcrübələrinin ərsəyə gətirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
“Əlverişli iqlimi və təbii sərvətləri daxil olmaqla, Azərbaycanın mövcud imkanları adıçəkilən layihə çərçivəsində “Slou Fud” turizm modelini yaratmağımıza imkan verdi. Davamlı turizm istiqamətində xüsusi yeri olan bu model, müvafiq tərəfdaşların prosesə cəlb edilməsi ilə daha da inkişaf etdiriləcəkdir”, - deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.
Qədim istehsal biliklərinin qorunub saxlanılması, davamlı təcrübələrin təşviq edilməsi və yerli sahələrin inkişaf etdirilməsi məqsədilə layihə çərçivəsində Azərbaycanın 5 Slou Fud Prezidiyası yaradılmışdır. Bu Prezidiyalar beynəlxalq onlayn kataloq olaraq, yox olmaq təhlükəsilə üzləşən yerli məhsulların qeydiyyatını aparan Slou Fud Dad Gəmisinə daxil olan müxtəlif məhsulların istehsalçılarını bir araya gətirir. Bu il eyni zamanda Ruşanka soğanı, Ata-baba fındığı və s. kimi yenidən kəşf edilməsi vacib olan yerli məhsullardan hazırlanmış milli Dad Gəmisi menyusu təqdim edilmişdir.
Beynəlxalq şəbəkə olan Slou Fud Aşpazlar Alyansına 11 azərbaycanlı aşpaz üzvdür. Prezidiya layihələrindən və Dad Gəmisi məhsullarından istifadə edən, o cümlədən öz işlərində kiçik istehsalçıları işıqlandıran bu aşpazlar kənd təsərrüfatı biomüxtəlifliyini mühafizə etmək, qastronomik bilikləri və yerli mədəniyyətləri qoruyub saxlamaq üçün öhdəlik daşıyırlar. Onlar eyni zamanda mütəmadi olaraq səyahət edir, bir-birləri ilə görüşür və yerli bilikləri dünyanın müxtəlif nöqtələrində lazımi tərəfdaşlara ötürürlər.
Qeyd olunduğu kimi, sözügedən layihənin digər mühüm nailiyyətlərindən biri müəyyən regionlarda yerli istehsalçılar və qastronomik icmalar ilə turizm dəyər zəncirinin müxtəlif hissələrini bir araya gətirən Slou Fud səyahət modelidir. Slou Fud səyahət konsepti turistlərə aşpaz, fermer, pendir istehsalçısı, çoban, qəssab və s. kimi yerli istehsalçılarla görüşməklə qədim vaxtlardan bəri istehsal olunan məhsullar barədə məlumatlanmaq imkanı verəcək.
Bu təcrübənin daha əlçatan olması məqsədilə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax rayonlarını əhatə edən, yerli istehsalçılar, məhsullar və görməli yerləri əks etdirən Slou Fud səyahət xəritəsi də hazırlanmışdır.
"Slow Food International” təşkilatı olaraq kiçik istehsalçılar, aşpazlar və digər tərəfdaşlara dəstək göstərməkdən məmnuniyyət hissi duyuruq. Ölkədə yaradılmış yeni şəbəkə vasitəsilə hamı üçün yaxşı, təmiz və ədalətli istehsal və istehlak sisteminin təkmilləşdirilməsi istiqamətində buradakı işlərimizə davam edəcəyik”, - deyə “Slow Food International” təşkilatının Baş katibi Paolo di Krose bildirib.
Hal-hazırda Slou Fud səyahət modelinə 60 tərəfdaş cəlb edilmişdir. Bu tərəfdaşlar müəyyən olunmuş marşrutlar üzrə mövcud qastronomik təcrübələrdən hotel və digər növ yerləşmə təminatına qədər geniş xidmətlər təklif edirlər.
Azərbaycanda Slou Fud layihəsinin uğurlu nəticələri haqqında daha çox məlumat əldə etmək üçün Slow Food – COVCHEG vebsaytını ziyarət edə bilərsiniz.