Yay ayları üçünəvəzedilməz 5 içki

27 Aprel 2020
Azərbaycanın yay ayları üçün əvəzedilməz 5 içkisi

Tezliklə yay ayları başlayacaq və qızmar istidə həyatımıza davam edə bilmək üçün bədəndə maye nisbətini qorumaq daha zəruri olacaq. Belə hava şəraitində daha çox tərlədiyimizə görə, bədənimiz daha sürətli şəkildə su itkisinə məruz qalır. Susuzluğu yatırmaq üçün su içmək mühüm olsa da, isti havanın öhdəsindən gəlmək üçün evdə hazırlaya biləcəyiniz bir çox başqa sərinləşdirici içki növü də vardır.

Birdən çox ənənəvi içki çeşidi təqdim edən Azərbaycanın milli mətbəxi möhtəşəm ləzzətləri özündə birləşdirən içkilərlə zəngindir və bu içkiləri hazırlamaq heç də çətin deyil. İsti yay günündə Azərbaycanın soyuq və dadlı içkilərindən daha sərinləşdirici nə ola bilər?

Şərbət

Azərbaycanın sevimli içkilərindən biri olan şərbət şəkər, limon, zəfəran, nanə, reyhan, meyvə və giləmeyvələrdən hazırlanır. Müxtəlif ot bitkiləri ilə qarışdırılan su bir neçə saat saxlanıldıqdan sonra digər inqrediyentlər əlavə olunur. Şərbət toy və digər iri tədbirlərdə plov, dolma və digər ənənəvi yeməklərlə süfrəyə verilir.

Ayran

İsti ayların xilasedicisi olan kefirdən hazırlanan ayranın digər əsas inqrediyentləri su və duzdur. Bu içki növü Mərkəzi Asiya və Qafqaz regionunun milli mətbəxlərində geniş istifadə olunur. Ayran yay aylarında iştahanı qaldırmaq üçün içilən alqokolsuz içki növü olub, hazırlanmasında müxtəlif aromatlı otlardan da istifadə olunur. Xüsusilə  kabab və digər ət yeməklərinin yanında əvəzsizdir.

Kompot

Kompot Azərbaycan və bir çox keçmiş Sovet ölkəsində istifadə olunan içki növü olub, şəkər və qaydanılmış meyvələrdən hazırlanır. Təzə qaynadılmış və ya konservləşdirilmiş şəkildə istifadə oluna bilər. Bəzi müasir versiyaları da var ki, şəkər əvəzinə əncir və müxtəlif təbii siroplarla hazırlanır.

Atlama

Hazırlanmasında ayranda olduğu kimi su və kefirdən istifadə olunan atlama onunla fərqlənir ki, inqrediyentlərinə göyərti və xiyar daxil etməklə hazırlamaq mümkündür. Atlama hazırlamaq üçün bərabər miqdarda kefir və qaynadılmış su qarışdırılaraq duz əlavə olunur. Sərinləşdirici içki kimi plov ilə süfrəyə verilir. Xırda-xırda doğranmış şüyüd, nanə və xiyar əlavə etməklə, bu içkini daha da ləzzətli edə bilərsiniz.

Nar şirəsi

Nar başlıca olaraq, Azərbaycanın nar paytaxtı hesab olunan Göyçayda olmaqla, demək olar ki, ölkənin hər yerində yetişir. Göyçayda təxminən 20000 nəfərin iştirakı ilə hər il Nar Festivalı təşkil olunur və burada rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar nümayiş etdirilir. Yay aylarında hər yerdə tapa biləcəyiniz nar şirəsi sağlamlıq üçün xeyirli olan antioksidanla zəngindir.

Məşhur Azərbaycan çayı

Azərbaycanın kulinariya mədəniyyətinin ən sevilən elementlərindən biri onun çayiçmə mərasimləridir. Azərbaycanda çayı dişləmə qənd ilə içirlər. İlk qurtumdan qabaq qəndi çaya batıraraq ağızlarına salırlar. Bu, çox qədimdən qalan adətdir. Azərbaycan hökmdarları onların çay qablarına zəhər tökülüb-tökülməməsini bilməkdən ötrü qəndi əvvəlcə çaya batırırdılar. Çay, tərkibində zəhər olduğu halda, qəndlə reaksiyaya girir, çayın sulu bulanır, ya da ki, "qaynayırdı".

Maraqlı fakt

Ənənəyə əsasən, çaya şəkər qatılmır, lakin istisna hal odur ki, elçilik zamanı qız evi razılıq verərsə, şirin çay gətirilir və bu, razılıq əlaməti kimi qəbul edilir.

Adı çəkilən içkiləri evdə hazırlayıb bu yayı sərin və təravətli keçirin!

xəbər bülletenimizə abunə olun