
10 iyul, 2019-cu il tarixində Bakıda keçirilmiş iclasında komitə altı mədəniyyət obyektini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edib.
UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın paytaxtı Bakıdan 5 saatlıq məsafədə yerləşən tarixi Şəki şəhəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Sessiyanın 2019-cu il iclasının açılış mərasimi iyunun 30-u Bakıda öz işinə başlayıb.
24 oktyabr, 2001-ci ildə Şəki Xan Sarayına mədəni irs nümunəsi kimi "gücləndirilmiş mühafizə" statusu verilmiş və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdi.
Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmit sözü gedən məsələ barədə məlumatı şərh edərək bildirib: “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsindən qürur duyuruq. Bu tanınma bizə Azərbaycanın zəngin irsini, fərqli mədəniyyətini və bənzərsiz tarixini, habelə ölkənin mədəni irsinin tarixini dünyaya çatdırmaqda kömək edəcəkdir. Şəki Azərbaycanın ən gözəl şəhərlərindən biri olub, çay daşları döşənmiş küçələri və zəngin orta əsr memarlığı ilə diqqəti cəlb edən, səs-küylü paytaxt şəhərindən fərqli olaraq sakit, ideal istirahət ediləcək məkandır. Saraya gəldikdə isə onu deyə bilərəm ki, dünyanın hər yerindən gələn turistlər buradakı sənətkarlıq işlərinə valeh olurlar və bu saray Azərbaycanın ən qiymətli tarixi memarlıq əsərlərindən biridir”.
Böyük Qafqaz dağlarının ətəyində yerləşən və Gürcana çayının ikiyə böldüyü Şəki tarix boyunca Şəki xanlarının sarayı və yay məkanı olub. Uca, yaraşıqlı çinar ağacları ilə əhatə olunmuş və İpək Yolu üzərindəki şəhərin yuxarı hissəsində, xan qalasında yerləşən nadir memarlıq abidəsi “Şəki Xan Sarayı” 1762-ci ildə Hüseyn xan tərəfindən inşa etdirilib. Şəhər Şərqi və Qərbi birləşdirən ticarət yollarının qədim şəbəkəsi – Böyük İpək Yolunda mühüm nöqtə idi. XIX əsrə qədər ipək istehsalı üzrə Şəki Azərbaycanın şimal-qərb ərazisindən keçən İpək Yolunda beynəlxalq mərkəz hesab edilirdi. Şəhərin qədim şimal hissəsi dağlarda tikilsə də, cənub hissəsi çay vadisinə qədər uzanır.
Azərbaycan sənətkarlarını məşhurlaşdıran qədim “Şəbəkə” sənətinə şəhərin hər yerində, xüsusilə də Şəki Xan Sarayının pəncərələrində rast gəlmək mümkündür. Yapışqan və mismardan istifadə edilmədən taxta çərçivədə quraşdırılmış rəngli şüşələrdən yığılmış mozaika unikal incəsənət nümunəsidir. Şəki Xan Sarayının unikallığı onun gözoxşayan 5000 taxta və şüşə parçasından yığılmış şəbəkədən ibarət olmasıdır.
UNESCO bəşəriyyət üçün dəyərli hesab edilən ümumdünya mədəni və təbii irsin müəyyənləşdirilməsini, qorunub saxlanmasını təşviq etməyə çalışır. Bu, Qobustan qayalarındakı mədəni mənzərə, Bakı Qala divarları ilə əhatə olunmuş Şirvanşahlar Sarayı və Qız Qalası (2000) da daxili olmaqla, UNESCO-nun Azərbaycanda olan digər mədəni-maddi irs obyektlərinə də aiddir. Bundan əlavə, Azərbaycan xalçası UNESCO tərəfindən qeyri-maddi irsin şah əsəri elan edilib. Bakıdakı Milli Xalça Muzeyi dünyanın ən böyük xalça kolleksiyalarından birinə malikdir.