Azərbaycan iləvirtual tanışlıq

18 Aprel 2020
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə Azərbaycanın tanınmış məkanları ilə yenidən tanış olun

Bəşər övladı yarandığı dövrdən tanrılara, insanlara və hadisələrin şərəfinə abidələr ucaltmışdır. Bu abidə və məkanlar tarixin xüsusi bir formasını təmsil edərək keçmiş dövrlərin fiziki arxivi rolunu oynayır. Xatirə və təcrübələrlə dolu olan bu yerlərin varlığı kimliyimizin mühüm bir hissəsi kimi əcdadlarımızın izini ortaya çıxarır.

İnanılmaz olsa da, tarixi yerlərin və abidələrin mühafizəsi ilə bağlı təsəvvür yalnız 1950-ci illərdə meydana gəlmişdir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) sayəsində həmin dövrdən etibarən təhlükə altında olan abidələr qorunub saxlanılmışdır. Bu təşəbbüs çərçivəsində mühafizəyə ehtiyacı olan abidələrin və tarixi yerlərin, eləcə də onların qorunması üzrə lazım olan səylər üzrə məlumatlılığın artırılması məqsədilə, 1983-cü ildə 18 aprel tarixi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü elan olunmuşdur.

Bu gün münasibətilə Azərbaycanın bəzi müasir memarlıq abidələri və UNESCO-nun Ümümdünya İrs Siyahısına salınmış orta əsr abidələrini kəşf edirik. Ölkənin zəngin irsinin tarixi 5000 il öncəyə, bir sıra imperiyaların ölkənin coğrafi mövqeyinə heyran olduğu dövrə qədər gedib çıxır. Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan Böyük İpək Yolunun da bir hissəsi olmuşdur. Görməli olduğunuz yerlər siyahısına aşağıda göstərilən möhtəşəm məkanları da əlavə etsəniz, peşman olmazsınız:

İçərişəhər

Azərbaycanın paytaxt Bakı şəhərinin mərkəzində yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin XII əsrə aid qala divarları əhəng daşı ilə hörülmüş dar yollardan ibarət labirinti xatırladır. Şəhər Azərbaycanın məxsusiliyini ortaya çıxarmaqla yanaşı, Zərdüşt, Sasani, Ərəb, Fars, Şirvani, Osmanlı və Rusiyanın təsirlərini də özündə əks etdirir.

Şirvanşahlar Sarayı

İçərişəhər divarları arasında yerləşən Şirvanşahlar Sarayı Azərbaycanın memarlıq incilərindən biridir. İçərişəhərin ən yüksək nöqtəsində inşa edilmiş, XII-XIV əsrlərin sonuna aid olan abidə orta əsr İslam mədəniyyətinin müxtəlifliyini nümayiş etdirir. Şirvanşahlar Sarayı ərazisində I Xəlilüllahın tikdirdiyi türbədə onun və yaxın qohumlarının qəbirləri aşkar edilmişdir.

Qız Qalası

İçərişəhərdən dəniz mənzərəsi ilə sirlərlə dolu olan Qız Qalası Azərbaycanın çox sevilən simvol abidələrindən biridir. Qalanın mənşəyi ilə bağlı dəqiq məlumat yoxdur. Bəzi mənbələr Qalanın inşasının e.ə VI-VII əsrlərə qədər gedib çıxdığını və XII əsrdə Şirvanşahlar dövründə müdafiə qalası kimi istifadə olunduğunu güman edir. Qala yuxarıdan baxdıqda Azərbaycanın milli ornamenti olan butaya bənzədilir. Buta alovu təmsil etdiyinə görə, bəziləri belə düşünür ki, Qala Zərdüşt məbədi kimi də istifadə olunmuş ola bilər.

Xan Sarayı ilə birgə Şəkinin Tarixi Mərkəzi

Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı 2019-ci ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bakıdan 5 saatlıq məsafədə, Böyük Qafqaz dağlarının ətəyində yerləşən tarixi Şəki şəhərinin kökləri Qafqaz Albaniyasının tərkib hissəsi kimi e.ə VI əsrə qədər gedib çıxır. Çay daşları döşənmiş küçələri və orta əsr memarlığı  ilə füsunkar gözəlliyi olan Şəki Azərbaycanın ən gözoxşayan şəhərlərindən biridir. Şəki XIX əsrə qədər ipək istehsalı üzrə Azərbaycanın şimal-qərb ərazisindən keçən İpək Yolunda beynəlxalq mərkəz hesab edilirdi.

Sənətkarlıq nümunələrinə görə tanınan şəhərin başlıca yaradıcılıq nümunəsi Şəki xanlığının bənzərsiz memarlıq abidəsi olan Şəki Xan Sarayıdır.  1762-ci ildə Hüseyn xan tərəfindən tikilmiş sarayın pəncərələri şəbəkə ilə işlənmişdir. Yapışqan və mismardan istifadə  edilmədən taxta çərçivədə quraşdırılmış rəngli şüşələrdən yığılmış mozaika unikal incəsənət nümunəsidir.

Qobustan

Bakıdan 67 km məsafədə yerləşən Qobustan Yuxarı Paleolit dövrünə aid bənzərsiz incəsənət nümunələrinə ev sahibliyi edir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan petroqlifləri 537 hektarlıq bir ərazini və 6000-dən çox qaya naxışını əhatə edərək 40000 illik qayaüstü incəsənət əks etdirir. Qobustanda eyni zamanda mağara, yaşayış yeri və kurqanlar aşkar edilmişdir. Bütün bunlar burada Yuxarı Paleolit dövründən Orta Əsrlərə qədər insanların məskunlaşdığını göstərir.

xəbər bülletenimizə abunə olun