Azərbaycan TBA Onlinetədbirinə dəvət edir

7 Sentyabr 2020
Azərbaycan turizm sənayesi nümayəndələrini “Travel Business Azerbaijan Online 2020” tədbirinə dəvət edir

Ölkənin turizm sənayesinin inkişafını dəstəkləmək məqsədilə yaradılmış Azərbayca Turizm Bürosu (ATB) 14 oktyabr, 2020-ci il tarixində ölkədə turizmlə bağlı keçiriləcək “Travel Business Online” (TBA Online) adlı ən böyük virtual tədbirinə ev sahibliyi edəcək. Onlayn baş tutacaq bu tədbirin məqsədi yerli və beynəlxalq turizm peşəkarlarını bir araya gətirərək onlar arasında əməkdaşlığın yaradılması və gücləndirilməsidir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyilə ATB tərəfindən təşkil olunan tədbir Çin və Cənub-Şərqi Asiya, Rusiya və MDB ölkələri, Hindistan və Cənubi Asiya, Avropa və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının üzv ölkələrindən 300 turizm nümayəndəsi arasında həm birbaşa ünsiyyət yaratmaq, həm də ölkənin turizm potensialını nümayiş etdirmək məqsədi daşıyır. Tədbir iştirakçıları bir-birlərilə görüşlər təşkil etməklə yanaşı, süni intellekt vasitələri ilə öz hədəf bazarları və məhsullarına uyğun olaraq əməkdaşlıq qura biləcəkləri potensial tərəfləri tapa biləcəklər.

Sərhədlərin bağlanması, səyahət məhdudiyyətləri və özünütəcrid rejiminin zəruri hal alması nəticəsində turizm və qonaqpərvərlik sahələrinə böyük zərər vurmuş COVID-19 pandemiyası ilə əlaqədar yaranan vəziyyətə görə, ATB pandemiyadan sonrakı dövrə rahat keçid məqsədilə turizm sənayesinin bərpası üzrə 4 mərhələli plan hazırlamışdır. ATB planın birinci mərhələsi üçün görülən tədbirlərin bir hissəsi kimi  qarşıya çıxan maneələrin öhdəsindən gəlmək, destinasiyanın təbliği üçün onlayn kommunikasiya və vasitələrin diqqət mərkəzində saxlanılması ilə innovativ həll yolların tapılması istiqamətində çalışmaqdadır.

“Bu çətin vaxtda tərəfdaşlarımız və digər əlaqədar tərəflərlə qlobal səviyyədə kommunikasiya yaratmaq həmişə olduğundan daha vacibdir. “Travel Business Azerbaijan Online” tədbiri  bizə təkliflərimizi təbliğ etməyə əlverişli şərait yaratmaqla bərabər, yerli sənaye tərəfdaşları ilə hədəf bazarların nümayəndələrinin səmərəli tərəfdaşlıq qurmaları üçün də mühüm imkanlar yaradacaq,” Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

B2B görüşlərindən əlavə, “TBA Online” tədbirində regional menecerlər, destinasiya menecmenti təşkilatı nümayəndələri və digər iştirakçılar tərəfindən vebinarlar da təşkil olunacaq.

“Azərbaycana səfər edən qonaqlar üçün bənzərsiz təcrübə təmin etməyə davam etdiyimiz kimi, dünyanın hər yerindən sənaye mütəxəssislərini “Travel Business Azerbaijan” tədbirinə qoşularaq təklif etdiyimiz unikal fürsətlərlə tanış olmağa çağırırıq,” Zenqstşmid deyib.

Qeydiyyatdan keçmək və tədbir proqramı ilə formatı haqqında əlavə məlumat əldə etmək, müxtəlif mövzular üzrə maraqlı videolar izləmək, broşura və jurnallar, eləcə də Azərbaycanın xəritəsini  yükləmək üçün https://travelbusiness.az/ saytını ziyarət edə bilərsiniz.

xəbər bülletenimizə abunə olun