Azərbaycan Turizm Bürosununonlayn təlim platforması

29 Aprel 2020
Azərbaycan Turizm Bürosu onlayn təlim platformasını istifadəyə verdi

Platformada Azərbaycanın turizm potensialı barədə geniş bilik əldə etmək istəyənlər üçün onlayn təlim və digər vasitələr təqdim olunur. Altı hissədən ibarət kurs sağlamlıq və rekreasiya, Azərbaycan mətbəxi, şərab turları, mədəni irs və digər turizm məhsullarını əhatə edəcək.

“Bütün dünyanın izolyasiyada olduğu bir dövrdə turizm sənayesinin inkişafı üçün innovativ həll yollarının tapılmasına çalışırıq. Beynəlxalq tərəfdaşlarımızı bu məqsədlə yaradılmış yeni onlayn təlim platformasına qoşulmağa və Azərbaycan haqqında biliklərini zənginləşdirməyə dəvət edirik. Həmin platforma ölkənin turizm potensialı və məhsulları barədə məlumatları daha maraqlı və səmərəli şəkildə yaymağa xidmət edəcəkdir”, – deyə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit bildirib.

Platformaya qoşulmaq istəyən şəxslər qeydiyyatdan keçmək üçün elearning.tourismboard.az saytına daxil ola bilərlər. Hal-hazırda ingilis dilində mövcud olan dərslərin tezliklə rus dili versiyasının əlavə olunması da nəzərdə tutulub. Kursu bitirdikdən sonra iştirakçılara Büro tərəfindən “Azərbaycan Səyahət Mütəxəssisi” rəqəmsal sertifikatı təqdim olunacaqdır.

Azərbaycan Turizm Bürosu post-pandemiya dövründə Azərbaycanı təhlükəsiz turizm destinasiyası kimi tanıtmaq və rəqabətliliyini artırmaq, eyni zamanda yerli turizm sənayesinin nümayəndələrinə dəstək göstərmək məqsədi ilə bir neçə təşəbbüs irəli sürmüşdür. Onlayn vebinar, press konfrans və salambaku.travel vasitəsi ilə virtual turlardan başqa Azərbaycan Turizm Bürosu tərəfindən SAHMAN adlı ölkədaxili proqrama start verilmişdir. Proqramın əsas məqsədi ölkənin mövcud sanitariya, təhlükəsizlik və gigiyena standartlarını təkmilləşdirmək, dövlət və özəl tərəfdaşların turizm sənayesinin inkişafı məqsədi ilə işlərində daha mükəmməl qaydaların tətbiq edilməsini təmin etməkdir.

xəbər bülletenimizə abunə olun