Azərbaycan haqqında maraqlı faktlar

Azərbaycan haqda bilmədiyimiz hələ nə qədər maraqlı və eyni zamanda, təəccübləndirici məlumatlar var. Bəs siz bunları bilirdinizmi?

Odlar yurdu

Azərbaycanı həm də Odlar Yurdu adlandırırlar. Bunun bir neçə səbəbi var. “Azərbaycan” sözünün təxmin edilən mənalarından biri “alov qoruyucusu” deməkdir. Bundan başqa, ölkəmiz neft və təbii qaz ehtiyatları ilə zəngindir və qədimdə atəşpərəstliyin mərkəzi olmuşdur. Bu gün də Yanardağ və Atəşgahı ziyarət edənlər və Alov qüllələrini görənlər bu adın həqiqiliyinə əmin ola bilərlər.

Multikultural ənənələr

Azərbaycan qədim İpək Yolunun üzərində yerləşdiyi üçün karvan yolları ilə müxtəlif xalqlardan olan çoxsaylı tacir və səyyahlar ölkəmizdən keçiblər. Məhz bu, xalqımızın tolerant və fərqli mədəniyyətlərə hörmətlə yanaşmasında mühüm amillərdən olmuşdur. Dünyəvi ölkə olan Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dinlərə etiqad edənlər, eləcə də azsaylı xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. 

Qadınların seçki hüququ

1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin və xalqımızın tarixində mühüm iz buraxıb. Məhz AXC dövründə – 1918-ci ildə qadınlara seçki hüququnun verilməsinə dair qərar qəbul olunmuşdur. Bununla da, Azərbaycan Müsəlman Şərqində bu yenilikçi addımı atmış ilk ölkə olmuş və hətta əksər Qərb ölkələrini də qabaqlamışdır. AXC ənənələrini bu gün Azərbaycan Respublikası davam etdirir.

Palçıq vulkanları mərkəzi

Azərbaycan palçıq vulkanlarının sayına görə dünya rekordçusudur – hesablamalara görə, ölkəmizdə 350-dən çox palçıq vulkanı mövcuddur. Bu da dünyadakı bütün palçıq vulkanlarının təxminən yarısı deməkdir. Bu qeyri-adi landşaft formasına Bakı ətrafı, Xəzər dənizi və sahillərində daha çox rast gəlinir. Dünyanın ən böyük palçıq vulkanları da Azərbaycandadır. Onların ətrafa püskürdükləri palçıq maraqlı görüntü yaradır. 

Miniatür Kitab Muzeyi

Dünyanın ilk Miniatür Kitab Muzeyi Ümumdünya İrs Siyahısına daxil edilmiş və Bakının tarixi mərkəzi olan İçərişəhərdə yerləşir. Bu qeyri-adi muzey dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Zərifə Salahovanın şəxsi kolleksiyasının nümayiş olunduğu bu muzeydə 5500-dən artıq kitab sərgilənir. Muzeyin ən kiçik eksponatı isə yalnız lupa ilə oxuna bilir.

Neft nailiyyətləri

Azərbaycan neft sənayesi tarixində bir sıra ilklərə imza atıb. 1901-ci ildə Bakının neft mədənləri dünya neftinin yarısından çoxunu və İkinci Dünya Müharibəsi illərində isə Sovet İttifaqında hasil olunan neftin təxminən 75 faizini təmin edirdi. Həmin illərdə Bakı nefti tank və təyyarələr üçün yanacağın böyük hissəsi ilə cəbhəni təchiz etmişdir. İlk neft tankeri və neft boru xətti Bakıda çəkilmiş, next quyusu avtomtik üsulla qazılmışdır.

Xəzərin sahilində

Azərbaycan dünyanın ən iri gölü Xəzərin sahilində yerləşir. Xəzər yalnız neft və qaz yataqları ilə deyil, həm də nərə balıqlarının təbii məskəni kimi tanınır. Bakı, Lənkəran və Xaçmazda mövcud çimərliklər isə yerli və xarici turistlərin sevimli istirahət mərkəzləridir. Bakı Xəzər sahilində ən böyük şəhərdir. Burada regionun ən böyük portu fəaliyyət göstərir, Avropanın ən uzun dənizkənarı bulvarlarından biri yerləşir.

Heydər Əliyev Mərkəzi

Dünyaşöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzi onun son işlərindən biridir. Bu memarlıq incisi 2014-cü ildə London Dizayn Muzeyinin "İlin dizaynı" mükafatına layiq görülmüşdür. Görünüşü, axıcı formaları və bəyaz rəngi ilə hər kəsin qəlbini fəth edən bu bina müasir Bakının simvoluna çevrilmişdir. Mərkəzdə dünya səviyyəli muzeylər və sərgilərə baş çəkmək, konsertlərdə iştirak etmək olar.

Qarabağ atı

Azərbaycanın əvəzolunmaz qürur mənbəyi Qarabağ atıdır. Bu atlar sürətli və dözümlü olduqlarına görə yüksək qiymətləndirilir. Qarabağ atlarının şabalıdı rəngi isə onların fərqləndirici əlamətlərindədir. Ağdamda Qarabağ atı cinsinin inkişaf etdirilməsi üçün  Qarabağ Atçılıq Kompleksi fəaliyyət göstərir. 1956-cı ildə Qarabağ atı Britaniya kraliçası II Yelizavetaya hədiyyə olaraq verilmişdir.

Xalçaçılıq

Azərbaycanda özünəməxsus naxış, rəng və motivləri ilə seçilən yeddi xalçaçılıq məktəbi mövcuddur. Azərbaycan xalçaları mürəkkəb toxunma texnikası, saplarının təbii rənglənmə metodu və uzunömürlü olmasına görə bütün dünyada məşhurdur. Dünyanın ən iri xalça kolleksiyasılarından biri məhz Azərbaycan Xalça Muzeyində qorunur. Bu muzey formasına görə bükülmüş xalçanı xatırladır.

Odlar yurdu
Multikultural ənənələr
Qadınların seçki hüququ
Palçıq vulkanları mərkəzi
Miniatür Kitab Muzeyi
Neft nailiyyətləri
Xəzərin sahilində
Heydər Əliyev Mərkəzi
Qarabağ atı
Xalçaçılıq

xəbər bülletenimizə abunə olun