Mil-Muğanın dadıdüzənlikdən ənənəvi dadlar
Mil-Muğan düzənliyi Azərbaycanın ən məhsuldar ərazilərindən biridir. Bu bölgə əsasən kənd təsərrüfatı, pambıqçılıq və maldarlıqla tanınır. Həyatın sakit, lakin zəhmətli ritmi buranın mətbəxinə də sirayət edib — Mil-Muğan yeməkləri sadə tərkibli, doyumlu və ailəvi süfrələrin əsas daşıyıcılarıdır.
Ətin əsas rol oynadığı xörəklər, uzun müddət qaynadılan bulyonlar, tənək yarpaqlarına bükülən dolmalar və odun alovunda bişən kabablar bu bölgənin mətbəx xüsusiyyətlərindəndir.
Ənənəvi Yeməklər
Quzu soyutması
Ət doğranaraq yuyulur və suda qaynadılır. Kəfi yığıldıqdan sonra bişmiş ət digər qazana yığılır, üzərinə süzülmüş bulyon (işgənə) əlavə olunur. Soğan xırda doğranaraq yeməyə qatılır, duz-istiot vurulub vam odda bişirilir. Bu xörək həm bulyonla, həm də əlavə qatqı olmadan servis edilir – xüsusilə yay aylarında yüngül süfrələrin sevilən yeməyidir.
İmişli qovurması
Mal əti qaynadılır, sonra soğanla birlikdə yağda pörtlədilir. Pomidor, sarıkök, duz, istiot, turşu və su əlavə olunaraq 30 dəqiqə qapalı halda bişirilir. Ayrı tavada qızardılan kartof sonda yeməyə qatılır.
Turş və ədviyyatlı dadların birləşməsi ilə fərqlənən, adını daşıdığı İmişli rayonunun ləzzətli miraslarındandır.
Yarpaq dolması
Ət və soğan birlikdə çəkilir, içliyə keşniş, şüyüd, düyü, duz, istiot və yağ əlavə olunur. Tənək yarpaqları yumşaldılır və içliklə bükülür. Qazana düzülüb su əlavə edilir, kəfi yığıldıqdan sonra bişirilir. Bölgədə əsasən yay aylarında təzə yarpaqla, qışda isə duzlanmış yarpaqla hazırlanır.
Tikəkabab
Quzu əti doğranır, duz və istiot vurularaq şişə çəkilir. Odda bişirilir və doğranmış qırmızı soğan, göyərti və sumaqla süfrəyə verilir. Kənd toyları və açıq hava süfrələrinin əvəzolunmaz ləzzətidir.