MƏSAFƏ: 6,5 KM
YOXUŞ: 280 M
ENİŞ: 630 M
|
MAKS. HÜNDÜRLÜK: 1670 M
MİN. HÜNDÜRLÜK: 1310 M
MÜDDƏT: 2 SAAT 40 DƏQ
|
Marşrut ilə ilk yoxuşu qalxdıqdan sonra geriyə baxdıqda Qızılqaya və Şahdağ platolarının qarlı zirvələrinin fonunda Qusarçay dərəsinin mənzərəsini izləyə bilərsiniz. Yürüş əsasən enişlərdən ibarətdir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – 400 m sonra kəndi tərk edib sağ istiqamətdə bir qədər irəlidə aşırıma çatırsınız. Aşırımdan eniş başlayır və dərə içi ilə 1 km davam edib, yoxuşla digər aşırıma çıxacaqsınız. Ardınca meşədə bir qədər enişdən sonra Kuzun görünəcək. Qusarçayın sahili ilə daha 2 km enişli cığırla gedib körpünü keçmək lazımdır. Sağa dönüb, əsas yol ilə Kuzuna çatırsınız.
Mövsüm
Texniki olaraq orta çətinlikli yürüş olduğu üçün uyğun dağ yürüş geyimlərinin olması vacibdir. Xüsusən qışda qarlı vaxtlarda bu marşrutu qış yürüş geyimləri olmadan getmək tövsiyə olunmur. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və küləkli hava şəraiti yürüşü çətinləşdirə bilər.
Ətraf cığırlar
Bu marşrutu Kuzun – Yerği kek marşrutu ilə birləşdirə bilərsiniz.
Qida və gecələmə
Laza kəndi turistik kənddir və bu kənddə uzun müddətdir fəaliyyət göstərən qonaq evləri, hostel, həmçinin kafe və restoranlar var. Qonaq evləri kəndin içində, restoranlar isə kəndin yuxarı tərəfində qoşa şəlalələrin yolunda yerləşir. Kənddə “Laza market” adlı mağaza fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini marşrutun xəritəsində tapa bilərsiniz.
Su
Kənddən çıxmamış kəndlilərin həyətlərində bulaqlardan su qablarınızı doldura bilərsiniz. Həmçinin “Laza market”in bir az aşağısında bulaq tikilisini rahatlıqla görə bilərsiniz. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Marşrut boyunca yalnız bir yerdə içməli bulaq suyu var. Bu bulağı Qusarçayın dərəsində ağacların içindən keçəndə görəcəksiniz (Laza kəndindən təxminən 2 km məsafədə).
Nəqliyyat
Laza kəndinə Qusarın mərkəzindən yalnız yerli taksilər ilə 25-30 AZN ödəniş qarşılığında getmək olar. Həmin gün Lazadan geri qayıdacaqsınızsa, sürücü sizi gözləyə və əlavə ödəniş tələb etmədən Qusara qaytara bilər. Yenə həmin gün Kuzun kəndinə yürüş edəcəyiniz təqdirdə yürüşün sonunda Kuzun kəndindən eyni sürücüyə 10 AZN əlavə ödəniş etməklə geri qayıda bilərsiniz.
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.