GədəbəydəMahrasa monastırı
Gədəbəy rayonu ərazisində, Şəmkir çayının sol sahilində yerləşən Mahrasa monastır kompleksi XII əsrdə Qafqaz Albaniyasının dini mərkəzi olmuşdur. Bu monastır “Ay” məbədi kimi də tanınır.
"Mahrasa" sözü həm farsca, həm də türkcə Ay mənasını verən "mah" və göy cisimlərinin müşahidə edildiyi məkanı ifadə edən "rəsad" sözlərinin birləşməsindən yaranmışdır. "Mahrasa" sözünün elmi təhlili də təsdiq edir ki, bu tikili Ay məbədi kimi ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi bilinib.
Həmin dövrlərdə regionda xristianlıq və İslam dinin hakim olsa da, Aya sitayiş edən bir sıra albanlar dağlara çəkilərək qədim inanclarını əsrlər boyunca qoruyub saxlaya bilmişdir. Abidənin Mahrasa adlandırılmasının səbəbi də məhz bu faktdan irəli gəlir. Hətta IV əsrin əvvəllərində Qafqaz Albaniyasında xristianlığın yayılmasına baxmayaraq, bu monastır atəşpərəstliyin mühüm məbədlərindən biri kimi də fəaliyyət göstərmişdir.
Tədqiqatçılar abidənin dəqiq inşa edilmə tarixini müəyyən edə bilməsələr də, aparılmış araşdırmalar onun qədim dövrlərə aid olduğunu deməyə əsas verir.
Mahrasa monastırının təməli Şəmkir çayının sol sahilindəki mağarada qoyulmuşdur. Məhz bu yeri Atabəylər şahzadəsi Əmir Əmiran Ömərin 1195-ci ildə Qafqaz Albaniyasında dini rəhbəri vəzifəsinə təyin etdiyi VI İohann özünə iqamətgah seçmişdir. XIII əsrdə monqolların Azərbaycana ilk yürüşü zamanı monqol ordusu Muğan düzündən keçərək, Şəmkir, Çarek, Gədəbəy də daxil olmaqla, Girdiman vilayətlərini işğal etmişdir. Bu işğal nəticəsində Alban patriarxlığının mərkəzi 1240-cı ildə Kəlbəcərdəki Gəncəsər monastırına köçürülmüşdür. Adı çəkilən qədim tikili tarixi dəyəri ilə yanaşı, sənətkarlığın nadir incilərindən biri hesab olunur.