Təpələr arasında yarananənənəvi dadlar
Dağlıq Şirvan – Azərbaycan mədəniyyət xəritəsində həm məişət ənənələri, həm də özünəməxsus mətbəxi ilə seçilən bölgələrdən biridir. Qobustan, Şamaxı və İsmayıllını əhatə edən bu dağlıq zolaqda əsrlərlə qorunub saxlanılan yeməklər təbiət, hava və coğrafiyanın diktəsi ilə formalaşıb. Bölgənin mətbəxi həm kənddə mövsümi həyat tərzindən, həm də qədim şəhərsayağı qonaqpərvərlikdən izlər daşıyır. Xüsusilə Lahıc qəsəbəsi — yalnız misgərlik sənəti ilə deyil, eyni zamanda özünəməxsus şirniyyatları və xörəkləri ilə də tanınır.
Ənənəvi Yeməklər
Lahıc şəkərçörəyi
Əridilmiş kərə yağı əllə sürtülərək ağardılır, üzərinə yumurta, hil, zəncəfil və duz əlavə olunur. Ardınca şəkər tozu qatılıb qarışdırılır, sonra un əlavə edilərək xəmir yoğrulur. Xəmir kiçik kündələrə bölünüb dairə, buta, aypara və digər formalara salınır. Üzəri üskük ilə naxışlanır, zəfəran dəmləməsi ilə bəzədilir. Şirniyyat bişməzdən əvvəl sinidə 1–2 saat saxlanılır, daha sonra təndirdə zəif odda bişirilir. Bölgənin zərif, ədviyyatlı və vizual cəhətdən fərqlənən şirniyyat nümunəsidir.
Xəşil
İlıq suya az-az ələnmiş un tökülür, taxta qaşıq və ya oxlovla ara vermədən qarışdırılır. Qarışım qatılaşdıqdan sonra zəif odda bişirilir. Süfrəyə dayaz boşqabda çəkilərək, üzərinə doşab və əridilmiş kərə yağı əlavə olunur. Sadə tərkibli olsa da, enerjiylə dolu və doyurucu olan bu yemək əsasən səhər süfrələrində verilir.
Lahıc dolması
Ət və baş soğan qiyməkeşlə döyülür, düyü, duz, istiot və razyana ilə qarışdırılır. Hazırlanan içlik pip və ya heyva yarpaqlarına bükülür. Dolmalar qazana düzülüb, üzərinə su əlavə edilir, üstünə dayaz boşqab qoyularaq vam odda bişirilir. Yarpaq və ədviyyat aroması ilə seçilən bu dolma qatıqla birlikdə təqdim olunur.