sərinlənmək və qızınmaq üçünBakı hamamları
Bakıdakı hamamlar bir yerə toplaşmaq, dincəlmək və şirin söhbət üçün ənənəvi yerlərdən sayılır. Qədim hamamların bir neçəsi indi də fəaliyyət göstərir və yerli sakinlər hələ də Ağa Mikayıl, Axund və Təzəbəy hamamlarına müntəzəm baş çəkirlər. Əsl Azərbaycan hamamını hiss etmək üçün onlardan birini ziyarət edərək, xüsusilə də soyuq aylarda sizi rahatladacaq buxar otaqlarında yuyuna bilərsiniz. Hamam prosedurlarından sonra dostlarla çay dəsgahı təşkil etməyin ayrı ləzzəti var.
Neft bumu dövründə tikilmiş binada yerləşən Təzəbəy hamamı 20 il əvvəl fəaliyyətə başlayıb. Hamamda nisbətən bahalı olsa da, geniş çeşiddə xidmətlər təklif olunur. İnteryer sizin diqqətinizi mütləq çəkəcək.
Hər gün 09:00 – 23:00 (qadın və kişi hamamları yanaşı yerləşir) arası hamamın xidmətlərindən yararlana bilərsiniz.
Keçmişi canlandıran, tarixi XIX əsrə gedib çıxan Ağa Zeynal hamamı İçərişəhərin mərkəzində ənənəvi xidmətlər təklif edən kişi hamamıdır.
İçərişəhərdə yerləşən və XVIII əsrdə Şamaxı taciri tərəfindən inşa edilmiş orijinal Şərq təəssüratı yaradan Ağa Mikayıl hamamı Bakıda bu günə kimi fəaliyyət göstərən ən qədim hamamdır.
Hər gün 09:00-23:00 (qadınlar üçün bazar ertəsi və cümə günü) arası hamamın xidmətlərindən yararlana bilərsiniz.
Şəhər mərkəzi yaxınlığında Nizami metro stansiyasının arxasında yerləşən Axund hamamına da baş çəkməyə dəyər. Hamam XIX əsrin sonlarında yaxınlıqda fəaliyyət göstərən məscidin din xadimi şərəfinə adlandırılıb. Axund hamamında milli kolorit dərhal hiss olunur.