"Şirvan"a şərab turu
Azərbaycanın ən yeni şərab zavodlarından biri olan “Şirvan şərabları” (“Meysəri” olaraq da tanınır) ölkədə Avropa Birliyinin (AB) sertifikatını almış ilk orqanik şərab istehsalçısıdır.
Zavodun üzüm bağlarının ilk 40 hektarı 2014-cü ildə salınıb və buradan 2017-ci ildə məhsul yığılıb. Bu gün həmin ərazi 310 hektar sahəni əhatə edir. Burada şərab turlarına daxil edilmiş kiçik şərabçılıq muzeyi, restoran və mehmanxana fəaliyyət göstərir. Şamaxı yaxınlığında yerləşən “Meysəri” şərab zavodunu Bakıdan İsmayıllı, Qəbələ, Şəki, yaxud Ağsu istiqamətində hərəkət etdikdə asanlıqla tapa bilərsiniz. Hələlik turlarda qonaqların yalnız fransız üzüm sortlarından alınmış üç təbii şərab variantını dadmaq nəzərdə tutulur. Bununla belə, gələcəkdə turistlərin dadması üçün təqdim olunan şərab növləri artırılacaq.