Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiTarix və cari mərhələ

27 sentyabr 2020-ci il tarixindən başlamış İkinci Qarabağ müharibəsinin başa çatması ilə əlaqədar olaraq, 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanatla çıxış edərək, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını elan ediblər. Ermənistan Respublikası 20 noyabr 2020-ci il tarixində Ağdam rayonu, 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixində isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytardı. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

 

Qarabağın qısa tarixçəsi

Qarabağ e.ə. IV əsrdən – eramızın VIII əsrinin əvvəllərinədək Azərbaycan Alban dövlətinin, VIII-XII əsrlərdə Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin, Səlcuq imperiyasının və Azərbaycan Eldənizlər (Atabəylər) dövlətinin, XIII-XV əsrlərdə Elxanilər (Hülakilər), QaraqoyunluAğqoyunlu dövlətlərinin, 1501-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin tərkibində olmuşdur.

1748-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoyur. 1805-ci ildə xanlıq Rusiya İmperiyası tərəfindən işğal olunur və 1822-ci ildə Qarabağ xanlığı ləğv olunur. İrandan və digər regionlardan Azərbaycana, ilk növbədə, Qarabağa ermənilər köçürülürdü. Sonrakı dönəmdə də davam etdirilmiş köçürülmə prosesi nəticəsində regionda demoqrafik vəziyyət dəyişmiş, nəticədə ermənilərin bu bölgədə süni surətdə çoxaldılması onlar tərəfindən XX əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin baş qaldırmasına səbəb olmuşdur.

 

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi

Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəticələnən hücumlarla başlandı. 1988-1989-cu illər ərzində azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. Kütləvi deportasiya zamanı ən azı 216 azərbaycanlı öldürülmüş və 1 154 azərbaycanlı yaralanmışdır. Ermənistanlı qaçqınlar – nəticədə təxminən 200 000 nəfər təşkil edərək – Azərbaycana gəlməyə başladılar.

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ-nin 366 saylı motoatıcı alayının köməyi ilə Xocalını ələ keçirdilər. Xocalının yüzlərlə günahsız sakininin qəddarcasına qətlə yetirilməsi Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilmiş ən iyrənc cinayətlərdən biri idi. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüşdür. 1 275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Faciə zamanı Xocalının 487 sakini, o cümlədən həddi-buluğa çatmamış 76 uşaq ağır xəsarət alaraq şikəst edilmiş, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.

1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri Şuşa şəhəri və Laçın rayonu, 1993-cü ildə isə Azərbaycanın daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.

30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. 29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi. 14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi. 11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.

İlkin məlumatlara əsasən, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində ölkəyə onmilyardlarla ABŞ dolları məbləğində ziyan dəymişdir. 12 may 1994-cü il tarixində atəşkəs imzalanmışdır, lakin Ermənistan atəşkəsi pozmaqda davam edir. 2003-cü ilin yayından etibarən erməni tərəfinin atəşkəsi pozma halları kəskin şəkildə artmışdır. Onlar atəşkəs xətti boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş açır, onları qətlə yetirirlər.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

 

İkinci Qarabağ müharibəsi

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Ermənistan ərazisindən, eləcə də Xankəndi şəhərindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Tovuz, Şəmkir, Tərtər, Goranboy, Gədəbəy, Füzuli rayonlarında yerləşən şəhər və kəndlərə, həmçinin Gəncə və Mingəçevir şəhərlərinə, Xızı və Abşeron rayonları istiqamətində raket zərbələri endirib.

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 27 sentyabrdan 94 nəfər mülki şəxsin həlak olması, 414 nəfərin yaralanması, 512 mülki obyektə və 3410 mülki evə ziyan vurulması barədə məlumat yayıb.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilib, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.

28 sentyabrda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

27 sentyabr tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Tərtər, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Laçın rayonlarının ərazisində 300-dən artıq yaşayış məntəqəsi və yüksəkliklər, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin işğaldan azad olunması barədə məlumat verilib. 

10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanatla çıxış edərək, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını elan ediblər. Ermənistan Respublikası 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu Azərbaycan Respublikasına qaytarır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları döyüş əməliyyatları aparılan ərazilərdə “Beynəlxalq silahlı münaqişə tərəflərinin hörmət etməli olduqları beynəlxalq humanitar hüquq normalarına dair Memorandum”un tələblərinə uyğun fəaliyyət göstərib.

Hərbçilərimiz hərbi əməliyyatlarda iştirak etməyən şəxslərin mühafizəsini təşkil etmək, onlara tibbi və digər yardım göstərmək, eləcə də itkin düşmüş və vəfat etmiş şəxslərlə davranış qaydalarına riayət etmək bacarığına malikdirlər.

Bundan başqa, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən mülki əhali və infrastrukturun hərbi qulluqçu və obyektlərdən fərqləndirilməsi həyata keçirilib, mülki əhali və infrastrukturun hərbi zərbələrdən qorunması təmin edilib.

Hadisələrin gedişatı ilə əlaqədar rəsmi məlumatlar almaq üçün mənbələr:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin veb-saytı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin veb-saytı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin veb-saytı

Azərbaycan Respublikasının Baş Prokurorluğu

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi | Tarix və cari mərhələ