Aytən Qəribli Bakı

Aytən Qəribli Bakıda anadan olub və uşaq yaşlarından incəsənətə maraq göstərib. İtaliyada təhsil alan Aytənin Bakıda bir sıra sərgiləri də keçirilib.

Aytən Qəribli
Bakı

 

Böyüyüb boya-başa çatdığım Bakıda mənim üçün ən simvolik məkanlardan biri Opera və Balet Teatrı olub. 11 il klassik musiqi məktəbində təhsil aldığıma görə, hər həftə burada səhnəyə qoyulan tamaşaları pulsuz izləyə bilmişəm.

Bu binanın tikilmə tarixçəsi çox maraqlıdır. Belə ki, 1909-cu ildə məşhur opera ifaçısı olan italyan bir xanım Bakıya səfər edir. Şəhərdə opera teatı olmaması xəbərindən çox təəccüblənir və ifa etməkdən imtina edir. Mailov adlı neft milyonçusu həmin xanıma aşiq olur və ona söz verir ki, geri qayıdacağı təqdirdə bir il müddətinə opera teatrı inşa etdirəcəkdir. Mailovun dostu olan və artıq həmin vaxta qədər Bakıda bir çox bina inşa etdirmiş başqa bir neft milyonçusu Hacı Zeynalabdin Tağıyev bunun mümkün olacağına inanmır və belə bir bəhsə girməyi təklif edir: əgər Mailov binanın inşasını bir il içində başa çatdırardısa, Tağıyev bütün xərcləri öz üzərinə götürməli idi. Opera teatrı on aya tikilir və bəhsdə uduzan Tağıyev xərcləri qarşılayır. İtalyan xanım isə vəd olunduğu kimi geri qayıdıb ifasını həyata keçirir.

Fikrimcə, Opera və Balet Teatrı təkcə musiqi və memarlıq yox, eyni zamanda tərəqqi və feminizmin simvoludur. Şərqdə ilk opera Azərbaycanda yazılmış, ilk qadın opera ifaçısı da azərbaycanlı olmuşdur. Opera və teatrlarda qadın rollarını kişilərin ifa etdiyi bir dövrdə məhz Azərbaycanda müsəlman qadın üzüaçıq şəkildə səhnəyə çıxmışdır.

Azərbaycan operası klassik musiqi və yalnız burada eşidə biləcəyiniz muğamın sintezindən yaranması ilə özünəməxsusluğunu göstərir. Muğamın kökləri müsəlman dünyasında insanları ibadətə səsləyən azandan gəlir.

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında həm Azərbaycan, həm də beynəlxalq klassik musiqi nümunələrini dinləyə bilərsiniz.

xəbər bülletenimizə abunə olun