Azərbaycanda bahar

Azərbaycanda bahar

Azərbaycana yazda təşrif buyurmuş   səyahətçilərin iştirak edə biləcəkləri ən əsas və parlaq hadisə Novruz – baharın gəlməsini təsdiq edən bayramdır. Hər il bütün Azərbaycan  mart ayının 21-də bu qədim bayramı qarşılayır, ona hələ dörd həftə əvvəldən hazırlaşırlar. Novruzun çoxsaylı bayram ənənələri və mərasimləri bütün mart ayı ərzində şəhərimizin qonaqlarında böyük təəssürat yaradır və onları heyrətə gətirir. Çoxları klassik mərasimlərə tamaşa etmək üçün xüsusi olaraq regionlara, məsələn Yuxarı Salahlı kəndinə  gedirlər. Bayram günlərində Azərbaycanda qonaq getmək, bir-birilərinə hədiyyələr bağışlamaq, hər bir evdə mütləq bişirilən şirniyyatlara qonaq etmək  adət halını almışdır.

Azərbaycanın Prezidenti İlham Əliyev hər il Novruz bayramı ərəfəsində təbrik nitqi ilə xalqa müraciət edir, ailəsi ilə birlikdə Qız Qalasının yanında və İçəri şəhərin küçələrində və Dənizkənarı  Milli Parkda  keçirilən xalq şənliklərində iştirak edir. 30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irsinin siyahısına daxil edildi. 23 fevral 2010-cu ildə BMT 21 Martı Beynəlxalq Novruz günü elan etdi.

Azərbaycan baharı gözəl havası və təbiətin gur, hər tərəfi bürüyən müxtəlif  rəngləri ilə hamını fərəhləndirir. İlin bu dövründə Azərbaycan aşpazları sizə təzə-təravətli, özünəməxsus ətirli  göylərdən hazırlanan vitaminli xörəklər təklif edə bilərlər.   Baxmayaraq ki, təzə göyərti satışda həmişə olur, lakin yazda yetişən göyərtilərin ətri heç nə ilə müqayisəyə gəlmir. Bu vaxtlar bişirilən göy qutabları, kükülər, səbzi-plov  xörək qurmanlarının, əlbəttə, çox xoşuna gələcəkdir. Azərbaycan mətbəxinin xörəklərini qiymətləndirməyi,  plov bayramında iştirak etməyi, xörəklərin şahı olan zərif quzu ətindən, göyərti, şabalıd, qaysı, zoğal, kişmiş ilə hazırlanmış və ənənəvi olaraq böyük buludda süfrəyə verilən əlli (!) cür plovun dadına baxmağı kim istəməz? Darçın,  mixək, istiot, zəfəran, cirə və digər ədviyyatlar bu xörəyə ekzotik dad verir.

Yazda Azərbaycana qonaqları cəlb edən daha bir mühüm hadisə – Bakı şəhərində keçirilən Beynəlxalq «Muğam aləmi» musiqi festivalıdır, o paytaxtın «Beynəlxalq Muğam Mərkəzində» Heydər Əliyev Fondu tərəfindən təşkil edilir. Festival çərçivəsində ölkəmizə bu xalq musiqi janrının məşhur ifaçıları, muğam sənətinin peşəkarları gəlirlər, muğam ifaçılarının müsabiqələri, muğam operaları, çoxsaylı simfonik və klassik muğam konsertləri ilə  yanaşı, burada beynəlxalq elmi simpoziumlar da keçirilir. Festival adətən Heydər Əliyev Sarayında çoxsaylı tamaşaçılar yığan  qala-konsertlə başa çatır. Festival haqqında ətraflı məlumatı onun rəsmi saytında www.mugam.az  almaq olar.

Mayda bulvarda keçirilən parlaq Gül bayramı əsil bədii festival rəng çalarlarıdır, burada şəkilləri canlı güllərlə çəkirlər, vernisaj pavilyonları qismində isə Bakının mərkəzi  bağlarında və kilometrlərlə uzanan Dənizkənarı parkın estakadalarında olan böyük qazonlar xidmət edir. Xüsusi olaraq dünyanın bir çox ölkələrindən  gətirilən və bacarıqlı ustalar tərəfindən cazibədar şəkillərə,  pannolara, freskalara və «abidələrə» çevrilən minlərlə açılmış çiçəklər rənglərin bütün çalarları ilə bərq vurur.

Bahar Bakıdan uzaqlarda da çox gözəldir. Qəbələni Qafqaz dağlarının əsrarəngiz gözəlliyinə görə əcnəbilər «Kiçik İsveçrə» adlandırmışlar. Dağ çəmənləri və meşələri turistləri öz gözəlliyi ilə cəlb edir. Ovçular və balıqçılar öz qənimətləri ilə həmişə razı qalırlar. Ekoloji turizm həvəskarları üçün bura əsil cənnətdir. Azərbaycanın şirmal-qərbində qədim məscidlər, məbədlər, türbələr nadir təbii artefaktlarla müqayisəyə çıxırlar. Bir qayda olaraq, turistlər gün altında bərq vuran «Qızıl qayaya», «Qızıl taxt» alp eylağına, göy dərə «İnciyə», qara qoyunlar dağına səyahət edir, çay kənarındakı  kölgəli tuqay meşələrinin dərinliyinə girir, ya da Aveydağın mağaralarına baxmağa gedirlər.

Bizim ölkədə elə yerlər də vardır ki, onları dünyada heç nə ilə müqayisə etmək olmaz. İlin hər bir fəslində  bura Sağlamlıq və Həyat məbədinə ziyarətə gedən kimi gəlirlər.  Naftalan – sanatoriyaları, pansionatları olan və Goranboy rayonunda yerləşən kurort şəhəridir. Bu şəhəri hələ keçmiş zamanlardan yerin altından çıxan naftalan nefti məşhurlaşdırmışdır. Bu nefti qədimlərdə midiya yağı adlandırırdılar, bizə isə cadugər Medeyanın arqonavt Yasona bağışladığı yanıqları sağaldan  möcüzəli məlhəmi yada salmaq lazımdır. Beləliklə, miflər və rəvayətlər gerçəklikdə təsdiq edilir! Hələ qədim zamanlardan Asiyanın müxtəlif guşələrindən gələn minlərlə naxoş adamlar Azərbaycana pənah gətirir,  xəstəliklərdən yaxa qurtarmaq üçün buradan naftalan neftini aparırdılar. Həmən hadisə indi də davam edir.