Azərbaycanda payız

Azərbaycanda payız

Sakit günəşli günlər, ilıq dəniz və öz görkəmini yalnız oktyabrın sonunda dəyişməyə başlayan yaysayağı yaşıl parklar, bağlar adama əsil zövq verir.  Payız Azərbaycanda çox gözəldir! Burada istirahət böyük təəssüratlarla doludur, turistlərin digər şəhərlərdə olduğu kimi gəzinti proqramlarına  mane olan pis havalar olmur.

Azərbaycanda payız – təbiətin bol nemətlərindən həzz almaq istəyənlər üçün bundan yaxşı nə ola bilər! Ənciri, qarpızı, zoğalı payızda heyva, qoz, xurma və nar əvəz edir. Dadına və faydalılığına görə tayı-bərabəri olmayan al-qırmızı, şirəli nardan yaxşı nə ola bilər. Onların çəkisi bəzən kiloya çatır. Əbəs yerə deyil ki, ən ləzzətli narların məkanı olan  Göyçay rayonunda  oktyabr ayının axırlarında Nar Bayramı keçirilir, bu bayram bir çox turistləri bura cəlb edir. Təzə üzüm, nar, moruq, albalı və çiyələk   şərabları istər möhtəşəm restoranlarda, istərsə də yolkənarı qəlyanaltılarda böyük bacarıqla hazırlanan balıq xörəklərini tamamlayır, burada yoldan keçən hər bir səyyah istədiyi vaxt özünə rahat bir guşə tapa bilər.  Yerli meyvələrdən hazırlanan təzə mürəbbələr Azərbaycan çayxanalarının bütün müştərilərində böyük şöhrət qazanmışdır. Sentyabr ayının axırına hamının sevdiyi Bakı bulvarı görkəmini tamam dəyişir. Burada, Milli dənizkənarı parkda eyni vaxtda bir neçə  əlamətdar hadisə qeyd edilir.

 Sentyabrın 20-də ölkədə Neftçilər günü və bütün dünyada «Əsrin kontraktı» adı altında məşhur olan və hazırda 34 şirkətin iştirak etdiyi müqavilənin imzalanması günü keçirilir.

Sentyabrın 27-də Ümumdünya Turizm günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi maraqlı tədbirlər keçirir. Məsələn, ayrı-ayrı illərdə bu günlər çərçivəsində konsertlər verilmiş, milli incəsənət ustalarının işlərindən  ibarət sərgilər nümayiş etdirilmiş, suvenir lotoreyaları, xalq gəzintiləri və i.a. təşkil edilmişdir.

Payızda paytaxtda hər il bütün dünyadan ən məşhur ifaçıların iştirak etdiyi Bakı beynəlxalq caz festivalı keçirilir. Bir çox xarici caz musiqi ulduzları bura gəlib Azərbaycan musiqiçiləri ilə birgə öz istedadlarını nümayiş etdirirlər. Festival çərçivəsində Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam mərkəzində, Heydər Əliyev adına Sarayda  və Bakı filarmoniyasında konsertlər verilir. Festivalın rəsmi saytı www.bjf.az.

Bakıya payızda gəlmək şəhərin muzeyləri və teatrları ilə tanış olmaq üçün yaxşı imkandır. Azərbaycanın Muzey mərkəzinə, Azərbaycan Tarixi muzeyinə, Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinə, Azərbaycan dövlət musiqi mədəniyyəti muzeyinə, Miniatür kitab muzeyinə, Milli İncəsənət Muzeyinə təşrif buyurmaq,  Bakının müxtəlif teatrları ilə tanışlıqdan az zövq verməyəcəkdir. Bunların arasında Azərbaycan Dövlət Akademik Dram  Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı, Azərbaycan Dövlət Rus Dram teatrı, Azərbaycan Dövlət Musiqili  Komediya teatrı və digərləri öz memarlığı, tarixi  və repertuarı ilə fərqlənir.

Azərbaycana ilk dəfə sentyabr-oktyabr aylarında gələn əcnəbilərin çoxu minilliklərin sirlərini gizlədən tarixi obyektlərə getməyi xoşlayırlar.  Belə turmarşrutlardan biri sizi nadir bir yerə – Beşbarmaq dağına gətirib çıxaracaqdır. Rəvayətlərə görə, müqəddəs Xızr burada əbədilik bulağı tapmışdır. Quba rayonunun Xınalıq kəndi də özünəməxsus ənənələri və mədəniyyəti ilə məşhurlaşmışdır, yalnız bu kəndin sakinləri dünyada heç kimin danışmadığı bir dildə danışır. Bundan başqa, Qalaaltı kəndinin yaxınlığında olan Çıraqqala (IV-V əsrlər)  və digərləri də maraq doğuran obyektlərdir.

Ov, balıq ovu, göbələk, dərman bitkiləri həvəskarları da zəngin gölləri, şəfalı bulaqları, qoruq meşəlikləri olan mənzərəli meşə təsərrüfatlarına gedə bilərlər, burada götürülən qənimət ən tələbkar səyahətçini də razı salar.