Azərbaycanda Dünya Turizm Günü geniş qeyd edilmişdir

Bakı, 28 sentyabr (AzərTAc). Sentyabrın 28-də “Hilton Baku” mehmanxanasında aidiyyəti dövlət qurumlarının, rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin, həmçinin turizm sektoru nümayəndələrinin iştirakı ilə Dünya Turizm Gününə həsr olunmuş konfrans və müxtəlif təqdimatlar keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin analitik təhlil və proqram təminatı şöbəsinin müdiri Qabil Abbasov “Turizm və mehmanxana fəaliyyəti ilə əlaqədar xüsusi razılığın (lisenziyanın) alınması üçün e-müraciətlərin qəbulu və baxılması” sistemini təqdim etmiş və onun haqqında geniş məlumat vermişdir.
Nazirliyin investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov tərəfindən Şahdağ Qış-Yay Turizm Kompleksinin təqdimatı keçirilmiş, onun haqqında geniş məlumat verilmişdir. 
“Biznes insayd” şirkətinin biznesin öyrənilməsi üzrə meneceri Fərid Əhmədov Azərbaycan haqqında təəssüratların öyrənilməsi üzrə “İTB Berlin–2012” Beynəlxalq turizm sərgisində keçirilən sorğunun nəticələrini təqdim etmişdir. 
Konfrans iştirakçılarını Dünya Turizm Günü münasibətilə təbrik edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, artıq Dünya Turizm Gününün qeyd olunması ənənəyə çevrilmiş və dünya ictimaiyyəti tərəfindən hörmətlə qəbul edilir. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun bir neçə gün əvvəl 27 sentyabr – Dünya Turizm Günü münasibətilə dünya ictimaiyyətinə müraciət etmiş və builki günün mövzusunun “Turizm və davamlı enerji: davamlı inkişafı gücləndirək” olduğunu bildirmişdir. Nazir, həmçinin turizmin inkişafı tarixində ilk dəfə olaraq “Böyük iyirmilik” (G-20) dövlətləri tərəfindən bu sahənin turizm sənayesi kimi, o cümlədən işsizliyin aradan qaldırılması, iqtisadiyyatın inkişafı, ölkələr arasında əlaqələrin yaradılması baxımından mühüm sahə kimi nəzərə alındığını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diqqət və qayğısı nəticəsində ölkənin turizm sektoru sürətlə inkişaf edir, paytaxtda və regionlarda bu istiqamətdə davamlı olaraq mühüm işlər həyata keçirilir. Natiq, həmçinin Azərbaycanın Dünya Turizm Təşkilatı ilə sıx əməkdaşlığından, bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndiyindən də danışmışdır. 
Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev Azərbaycanda bu sahənin inkişafı barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. 
Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarov, “Ober Lux” mehmanxanasından Orxan Bayramov, “R&R” turizm şirkətindən Rüstəm Əhmədov müvafiq sahələr üzrə tədbir iştirakçılarına məlumatlar vermişlər. 
Konfransda Qarabağın turizm sahəsində təbliği, bu bölgənin təhlükəsizliyi təmin etmək mümkün olan yerlərinə turların təşkili, həmin ərazilərdən birində, konkret olaraq Ağcabədidə beynəlxalq aeroportun açılması təklifləri səsləndirilmişdir. 
Sonda Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev III milli turizm mükafatının qaliblərinin adlarını açıqlamışdır. “Ölkədaxili və gəlmə turizm sahələrində ən yaxşı turoperator”, “Xarici turizm sahəsində ən yaxşı turoperator”, “Ən yaxşı 5 ulduzlu otel”, “Ən yaxşı 3 ulduzlu otel”, “Ən yaxşı kiçik otel”, “Bakı şəhərində ən yaxşı turist kompleksi”, “Turizm sahəsində tədrisin inkişafına edilən şəxsi töhfə”, “Ən yaxşı otel meneceri”, “Turizm sahəsində ən yaxşı internet portalı” və “Ən yaxşı ixtisaslaşdırılmış KİV vasitəsi, nəşriyyat evi” nominasiyaları üzrə on iki qalib mükafatlandırılmışdır.


Məlumat www.azertag.com saytından götürülmüşdür. 


29.09.2012
 

Son Xəbərlər