Azərbaycan xalçaları Böyük İpək Yolunda

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 14 sentyabr 2013-cü il tarixindən “Azərbaycan xalçaları Böyük İpək Yolunda” sərgisi nümayiş etdirilir.

Muzeydən Milli.Az-a daxil olan məlumata görə, sərgidə Vərni (Qarabağ), “Ağaclı” (Təbriz), “Malıbəyli” (Qarabağ), və “Borçalı” (Qazax) xalçaları nümayiş olunur. Bunlardan əlavə. sərgidə ABŞ-ın Şərq xalçası və tekstili üzrə Çikaqo cəmiyyətinin üzvü Qrover Şiltsin xatirəsinə xanımı Beverli Şiltsin muzeyə hədiyyəsi olan XVII əsrə aid Qarabağ məktəbinə məxsus “Əjdahalı” və Şirvan məktəbinə məxsus “Salyan xiləsi” xalçaları da maraq doğurur.

Nümayiş olunan digər əjdahalı xalça Qarabağın “Bəhmənli” xalçasıdır. Bu xalçada palmetta onu qoruyan əjdahalarla birlikdə ənənəvi medalyona çevrilir. Bu qəbildən olan Təbriz, Ərdəbil, Qarabağda toxunmuş xalçalar hal-hazırda dünyanın bir çox muzeylərində - Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya və Albert, Milanın Poldi-Petsoli və şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycan mədəniyyətinin inkişafına ciddi təsir göstərən Böyük İpək Yolu – bütövlükdə bəşər tarixinə aid olan özünəməxsus nadir hadisədir. Böyük İpək Yolu vasitəsi ilə həyata keçən Şərqlə Qərb arasındakı çoxəsrlik geniş əlaqə, bir çox xalqların zənginləşməsinə xidmət etmiş və dünya sivilizasiyasının inkişafı üçün vacib amilə çevrilmişdir.

Azərbaycan, artıq antik dövrdən etibarən, demək olar ki, transkontinental ticarət yolu fəaliyyətinin başlanması anından bəri (e.ə. II əsrindən - b.e. XV-XVI əsrlərinə kimi) Böyük İpək Yolu karvanının əsas qovşağı kimi məşhur olmuşdur. Bir çöx antik dövr müəlliflərinin məlumatlarına görə (müasir Azərbaycan Respublikası ərazisində tarixdə mövcud olmuş) Qafqaz Albaniyası adlı dövlətin ərazisindən Böyük İpək Yolunun karvan xətti keçmişdir. Elmdə bu yol barədə Qədim Yunanıstanın görkəmli çoğrafiyaşünas və tarixçisi Strabon geniş məlumat verdiyi üçün o, “Strabon yolu” adını almışdır.

Azərbaycan, dəvə karvanlarının arası kəsilmədən keçdiyi Böyük İpək Yolunda təkcə beynəlxalq ticarət üçün vasitəçi olmayıb, həm də ticari malların və mədəni sərvətlərin mübadiləsində də fəal iştirak etmişdir. Şirvanda istehsal olunan Azərbaycan ipəyinin çoxsaylı növlərinə böyük tələbat olduğundan Avropa və Hind tacirləri bu mallara həvəslə müştəri olurdular. Bu dövrdə Azərbaycandan yerli sənətkarların məhsulları, xüsusən də, xalçalar, böyük həcmdə xaricə satış üçün aparılırdı.

Çindən – İpək Yolu ilə Tibet, Monqolustan, Orta Asiya, Hindistan, İran, Azərbaycan və nəhayət, Anadolu yolu ulə Şərqi Aralıq dənizinədək xalçalar aparılır və bu yol boyunca yerləşən məntəqələrdə onlar haqqında məlumatlar yayılır və onlar əhali arasında tanınmağa başlayırdılar. XIII əsrin sonu – XIV əsri əhatə edən dövrdə Qara dəniz vasitəsi ilə Cənubi Qafqaza, sonra isə oradan Xəzər dənizi yolu ilə Mərkəzi Asiyadan Çinə uzanan Böyük İpək Yolu vasitəsi ilə həyata keçirilən Çin ilə fəal ticarət əlaqələrinin sayəsində Avropaya böyük miqdarda Azərbaycan xalçaları da gətirilirdi.

Artıq XIII-XIV əsrlərdən başlayaraq Azərbaycanın dekorativ-tətbiqi sənətində, miniatür sənətində və memarlığında Uzaq Şərq motiv və süjetləri təşəkkül tapmağa başlamışdır. Məhz bununla əlaqədar Azərbaycan xalça sənətində dərin, yaradıcı düşüncəyə malik nadir nümunələr meydana gəlmişdir. Azərbaycan sənətkarları bu elementlərə yaradıcıl tərzdə yanaşmış, onları yerli ornamental üslub və ənənələr ilə birləşdirmişlər.

Bu motivlər arasında ən məşhuru əjdaha təsviri idi. Bu da mövcud olan yerli təsəvvürlərlə bağlı idi. Azərbaycan xalqının həyatında, yaradıcılığında, xüsusən mifologiyasında əjdaha vacib yer tuturdu. Müxtəlif dövrlərdə əjdahaya münasibət birmənalı olmayıb. Buna görə də ustaların yaratdığı əjdaha motivli xalçalarda təsvirlərdə süjetlər müxtəlif olub: palmettanı qoruyan əjdaha; quşla mübarizə aparan əjdaha; bir-birilə mübarizə aparan əjdahalar; tək əjdaha təsvirləri.

XV-XVIII əsrlərdə Şirvanda, Qarabağda toxunmuş xeyli sayda “əjdahalı” xalçalar İstanbulda, Nyu-Yorkun “Metropoliten” muzeyində, Berlin Dövlət muzeyində, Vaşinqtonun Tekstil muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

“Əjdahalı” xalçalar öz sonrakı inkişafını XIX-XX əsrlərdə tapdılar. Bu özünü o zamandan indiyədək Azərbaycan lokal xalçaçılıq mərkəzlərində hazırlanan özünəməxsus kompozisiyalarda göstərir.


Məlumat www.milli.az saytından götürülmüşdür.

17.09.2013
 

Son Xəbərlər