Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

Gələn il Bakıda Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının iclası keçiriləcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Zambiya və Zimbabvedə keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 20-ci sessiyasında iştirak edir. 
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində keçirilmiş növbəti iclas avqustun 29-da Zambiyanın Livinqston şəhərində baş tutub. Sessiya zamanı Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub və Azərbaycanın Şuraya üzvlüyü təsdiqlənib. Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycanın üzvlüyünə 25 səs verilib. Digər üç dövlət – Almaniya 24 səs, Serbiya 20 səs, Bolqarıstan 18 səs qazanıb. Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakıda keçirilməsi haqqında qərar qəbul olunub. Sözügedən qərarların müzakirəsi zamanı Ermənistan nümayəndə heyəti etirazını bildirsə də, Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən qəbul olunmayıb. Nazirlikdən bildiriblər ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin və xüsusilə ölkəmizin İspaniya Krallığındakı səfirliyinin bu nailiyyətlərin əldə olunmasında böyük rolu olub. Qeyd edək ki, 2012-ci və 2013-ci ilin yarımilliklərində turistlərin sayındakı artım dünya və Avropa üzrə 5% təşkil etdiyi halda, Azərbaycanda turist axımının artımı 10% səviyyəsində müşahidə olunub.

Məlumat www.apa.az saytından götürülmüşdür. 

30.08.2013
 

Son Xəbərlər