Mədəniyyət

Mədəniyyət

  • Təsviri İncəsənət

    Azərbaycanın ilk təsviri incəsənət abidələrinə, sözsüz ki,  Abşeron yarımadasının  bir vilayəti olan Qobustanın qayaüstü rəsmlərini aid etmək olar.Əhəng daşları qayalarının qalaqlarından ibarət olan bu yerlər hələ qədimlərdən ovçuluq və heyvandarlıqla məşğul olan tayfalar üçün yaşayış məskəni olmuşdur. Qayaların üzərində insanların, vəhşi və ev heyvanlarının, ov səhnələrinin və dini ayinlərin, qayıqlar donanmasının   oyma üsulu ilə yerinə yetirilmiş kontur rəsmlərinin xarakteri qədim xalqın özünəməxsus mədəniyyətə malik olduğuna dəlalət edir.
    Azərbaycan miniatür rəssamlığı orta əsrlərdə ölkədən çox-çox uzaqlarda şöhrət qazanmışdı. Təbrizdə Səid Əhməd, Sultan Məhəmməd, Sadiqi bəy Əşrəf kimi  məşhur ustalar yaşayıb yaradırdılar. Geratdan Kəmaləddəin Behzadə haqqında müasirləri  deyirdilər: «Onun qələminin tükü qəlbinin ustalığı sayəsində cansızlara can verir.» Onun sanki hörümçək torundan və güllərin tozcuğundan hörülmüş «Leyli və Məcnun» miniatürü  (hazırda Britaniya muzeyində nümayiş etdirilir) artıq beş yüz ildən artıqdır ki, dünyada yaşayır.

    Azərbaycanın müasir bədii yaradıcılığı XX əsrin başlanğıcına təsadüf edir. Səttər Bəhlulzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Bəhruz Kəngərlinin, Əzim Əzimzadənin, Nadir Əbdürrəhmanovun və bir sıra gənc rəssamların əsərlərinə realizm, ifadəli kolorit, «tanınmaq» və aktuallıq xasdır. Rəssamlığın ənənəvi texnikasından başqa, çox vaxt alternativ texnikadan da istifadə olunur. Belə ki, müasir rəssam Sabir Çopuroğlu çox qəribə texnika yaratmışdır – o öz əsərlərini neftlə çəkir, Pərvanə Əyyubova isə dəridən şəkillər yaradır.
    Ölkənin paytaxtında və iri şəhərlərində daima sərgilər təşkil edilir, şəkil qalereyaları, muzeylər  fəaliyyət göstərir, uşaqların yaradıcılığına böyük diqqət yetirilir.

    Belə ki, müasir Azərbaycan incəsənətinin ekspozisiyası Azərbaycan Dövlət İncəsənət muzeyində yerləşir və Azərbaycanın  XX əsrin 30-90-cı illərinin rəssamlıq, heykəltaraşlıq, qrafika, bədii-tətbiqi incəsənətini  təmsil edir. Azərbaycanın Milli incəsənət muzeyinin zəngin  kolleksiyası keçmişin bədii abidələrinə yeni gözlə baxmaq və müasir incəsənətin xüsusiyyətlərini özü üçün yenidən açmaq imkanı verir.
    Azərbaycan rəssamlarının müasir  rəssamlıq əsərləri və qrafikaları Bakı müasir incəsənət muzeyində, dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. A. və V. Şəmsiyevlərin, İ. Məmmədovun, Z. Əliyevanın, D. Kərimovun, O. və V. Ağababayevlərin, U. və E. Haqverdiyevlərin, E. və M. Babayevlərin, R. və S. Verdiyevlərin, R. Kerimovun,E. və D. Haşımovların, N. və A. İbrahimovların, R. Mehdiyevin, B. Maratlının, A. və S. Səmədovların, A. Sadıqzadənin və digər rəssamların əsərləri bizi yenidən sevindirir.

  • Xalq-tətbiqi İncəsənəti

    Qədimlərdə bazar günləri Azərbaycanın xalça satan  tacirləri öz mallarını bazar meydanının ortasına çıxarıb yeni xalçaları düz yerə sərirdilər. Atlar, eşşəklər onu tapdalayır, çoxlu tacirlər və alıcılar onun üstündən keçib gedirdilər. Tacirlər isə fəxrlə deyirdilər: bizim xalçalarımız kimi yüksək keyfiyyəti mallar yoxdur! Bu reklam fəndi əməli xeyir də verirdi – sıx, kobud xov yatır, xalça isə yumşaq və zərif olurdu. Azərbaycanda xalça toxuculuğu həmişə ən mühüm milli sənətlərdən biri olmuşdur, o ən yüksək peşəkarlıq səviyyəsinə kimi yüksəldilmişdi. Bu tətbiqi incəsənətin başlıca mərkəzləri  Quba, Şamaxı və Bakı, Gəncə, Qarabağ idi. Azərbaycan xalçaları dünya miqyasında şöhrət qazanmışdı, hətta İntibah dövrünün rəssamları (X.Xolbeyn və s.) onu öz əsərlərində təsvir etmişdilər. Təmiz yundan və yüzlərlə (!) çalarları olan  təbii rənglərdən istifadə etməklə hazırlanmış mürəkkəb naxışlı xalçaların dəyəri çox yüksək idi, axı onların hazırlanmasına neçə-neçə illərin əməyi, böyük təcrübə və səbir sərf olunurdu. Odur ki, hər bir azərbaycanlı ailəsində ənənəvi olaraq xalça həmişə göz qabağında olurdu: onu yerə sərir, divara vurur, qızlara cehiz verir və miras qoyurdular.

    Hazırda Qərb ölkələrində Azərbaycan və İran xalçaları  “oriental” üslubu dəbdə olduğu üçün xüsusilə qiymətləndirilir. Hal-hazırda da  yerli və xarici mütəxəssislər və kolleksionerlər qədim Azərbaycan xalçalarını, çuvalları və xurcunları, şalları, yaylıqları, zərbafta və muncuqla işlənmiş əl işlərini  axtarıb tapır və yığıb saxlayırlar. Xalça muzeyi daima turistlərin diqqətini cəlb edir.

    Xalq arasında lap qədim zamanlardan metal məmulat – mis qab-qacaq, zərblə işlənmiş və  oyma naxışlarla bəzədilmiş xəncərlər, dəmirçilik əşyaları böyük şöhrət qazanmışdı. Qızıldan və gümüşdən hazırlanmış, əlvan daşlarla bəzədilmiş və rəngli mina ilə  naxışlanmış  ziynət əşyalarının – boyunbağıların, kəmərlərin, üzüklərin, qolbaqların, Avropa və Rusiya bazarlarında böyük marağa səbəb olan  kişi geyimləri bəzəyinin və  digər əşyaların  tayı-bərabəri yox idi.  Taxta üzrə həkkaklar öz aralarında qeyri-rəsmi yarışlar təşkil edirdilər, onların qələbəsinin rəhni nəfis texnika, detalların gerçəkliyi, təbii rəsmlərin mürəkkəbliyi və qiymətli taxtanın keyfiyyəti  olurdu.
    Daş üzrə həkkaklar, divarların və günbəzlərin  bədii rəngkarlığı üzrə peşəkarlar, yapma naxış və böyük mənzərəli pannolar yaratmış mozaika  ustaları da taxta həkkaklarla  rəqabətə girirdilər.

  • Memarlıq və tikinti

    Bakı metro stansiyalarının biri memar Əcəminin adını daşıyır. Bu, Azərbaycan xalqının öz istedadlı əcdadlarından birinə  verdiyi qiymətdir.  Əbubəkir oğlu Əcəmi  XII əsrdə yaşamışdır, o, Naxçıvan memarlıq məktəbinin parlaq nümayəndəsi idi. Onun yaratdığı Möminəxatun məqbərəsi haqlı olaraq Azərbaycan memarlığının ən görkəmli əsərlərindən biri sayılır. Səkkiz yüz ildən çoxdur ki, bu iyirmi beş metrəlik onbucaqlı daş məqbərə özünün həkk olunmuş nəfis naxışları və təmtəraqlı keramikası ilə gözləri oxşayır.
    Azərbaycan torpaqlarını dəbdəbəli, çox gözəl memarlıq abidələri bəzəyir. Onlardan ən qədimləri min illərdən keçərək  bizə qədər gəlib çatmışdır – bunlar bürünc dövrünə məxsus siklopik müdafiə istehkamlarıdır. Onlar nəhəng, demək olar, emal edilməmiş daş bloklardan hörülür, araları isə xırda çay daşları ilə doldurulurdu.  Xalq arasında onları qalaça adlandırırdılar. Midiya sərdabələri və özünəməxsus od səcdəgahları da böyük maraq doğurur.

    VII əsrdə Azərbaycana ərəblərin gəlməsi və islam dininin yayılması ilə ərazidə yeni tipli binalar: dekorativ naxışlarla bəzədilmiş məscidlər, mədrəsələr, məqbərələr meydana gəlməyə başladı.
    XV-XVI əsrlərdə Bakıda Şirvanşahların iqamətgahında feodal hökmdarın hədsiz hökmranlığının və sarsılmız gücünün şahidi ola biləcək  Azərbaycan memarlığının ən görkəmli abidəsi yaradıldı.   Hazırda tarixi-memarlıq kompleksi olan «Şirvanşahlar Sarayı» dünya xalqlarının memarlıq irsinin qızıl fonduna daxil edilmişdir.
    XX əsrin əvvəllərindən Bakı gözəl, təmtəraqlı görkəm almağa başladı. Neft hasilatının canlanması dövründə XX əsrin ilk illərində tikilmiş binaların arxitekturasında əsas yeri tutan modern üslubu mavritan, roma, qotik elementlərlə tamamlanırdı. Əhali isə əsasən hündür olmayan ikimərtəbəli və həyətində mütləq çörək bişirmək üçün təndir və su quyusu olan  binalara üstünlük verirdi.

    Hazırda Azərbaycan evlərin tikilməsində fərdiliyə üstünlük verir. Hər kəs öz xəyalına və maddi imkanlarına arxalanaraq ev tikir. Gör bir necə yaxşıdır – özünə elə bir ev tikəsən ki, heç kiminkinə oxşamasın. Son illər Azərbaycanda tikinti sahəsi   yenidən canlanmağa başlamışdır. Tikinti sahəsinə qoyulan  sərmayələr   ildən-ilə artır. Respublikada 12 tikinti-layihə institutu: Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xüsusi layihə-smeta bürosu və başqaları  fəaliyyət göstərir. Paytaxtda və regionlarda müasir çoxmərtəbəli yaşayış kompleksləri, ticarət və biznes-mərkəzləri, təmtəraqlı otellər, yol ayrıcları və körpülər tikilir.  Khazar Islands adı altında Xəzər dənizində salınacaq süni adalar layihəsi də böyük şöhrət qazanmışdır. Burada bir neçə mikrorayon salınacaq və dünyada ən hündür göydələn – Azerbaijan Tower ucaldılacaqdır.