Turistlər üçün məlumat

Turistlər üçün məlumat

  • Coğrafi yerləşmə və əhalisi

    Azərbaycan Cənubi Qafqazda, Xəzər dənizinin qərb sahilində yerləşir. Respublika Gürcüstan, Ermənistan, İran, Türkiyə və Rusiya ilə, dənizdən isə Türkmənistan və Qazaxıstan ilə həmsərhəddir. Azərbaycanın ümumi sahəsi  86 600 kv. km, əhalinin sayı isə 9 milyondan çoxdur.

  • İqlimi

    Ölkə mötədil və subtropik qurşaqların birləşdiyi yerdə yerləşir, odur ki, burada iqlim müxtəlifdir. Yanvar ayında orta temperatur +3- dən +10 dərəcəyədək tərəddüd edir və iyul-avqust aylarında  +26– +35 dərəcəyədək çatır. İldə günəşli saatların miqdarı 2 900-ə çatır.  Yağıntı az olur.

  • Geyim

    May ayından başlayaraq sentyabr ayınadək əhali yüngül, yay  paltarı geyir, qışda – isti plaşlara və gödəkçələrə üstünlük verilir.

  • Dil

    Dövlət dili – Azərbaycan dilidir. Əhalinin yarıdan çoxu rus dilində sərbəst danışır, çoxları türk, ingilis  və başqa dilləri də başa düşür və danışırlar. Otellərdə, barlarda və firmaların ofislərində ingilis dili geniş yayılmışdır.

  • Foto-şəkil çəkmə

    Adi turist kimi  foto və video şəkilləri çəkməyə icazə verilir (bəzi obyektlər istisna olmaqla), lakin ayrı-ayrı tanış olmayan adamların şəklini çəkərkən, nəzakət xatirinə həmin adamdan icazə almaq məsləhət görülür. Xarici KİV nümayəndələri isə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditasiya keçməlidirlər.

  • Spirtli içkilər

    Bütün restoran və barlarda spirtli içkilər verilir. Bundan başqa, istəyənlər onu çoxsaylı mağazalarda məhdudiyyətsiz ala bilərlər.

  • İş saatları

    İstirahət günləri adətən şənbə və bazar günləri hesab olunur (əsasən dövlət idarələri üçün), lakin mağazaların və supermarketlərin çoxu hər gün işləyir. İş günü səhər saat 08:00-09:00-da başlayır, ticarət obyektləri saat 21:00-23:00-də, restoranlar və barlar isə daha gec bağlanır.

  • Valyuta

    Milli valyuta – manatdır (AZN). 1$ USA=1,0476 AZN (Azərbaycanın Milli Bankının 20.10.2015-ci il tarixində olan məzənnəyə əsasən). Banklar və çoxsaylı mübadilə məntəqələri istənilən valyutanı dəyişə bilərlər. Banklar səhər saat 10:00-dan axşam saat 17:00-18:00-dək işləyir.

  • Kommunikasiyalar

    Telefon rabitəsi problemsiz həyata keçirilir. Otellərdə birbaşa beynəlxalq kod rabitəsi və yanaşı orqvasitələri: fakslar, telekslər, kompüterlər, İnternet və s.  vardır. Bir çox özəl agentliklər də İnternet xidmətləri göstərirlər. İctimai telefonlardan istifadə etmək üçün kartlar metroda və qəzet köşklərində satılır.

  • İnformasiya vasitələri

    Azərbaycan qəzet və jurnallarından savayı satışda ingilis, rus dillərində olan dövri mətbuat da vardır.

  • Elektrik enerjisi

    Enerji şəbəkəsində gərginlik 220/240 V 50 Qs-dır.

  • Su

    Krantdan gələn suyun içilməsi tövsiyə olunmur. Otellərdə və restoranlarda əsasən plastik butulkalarda olan bulaq suyundan və ya qaynamış sudan istifadə olunur.

  • Tibbi xidmət

    Təcili tibbi yardım adətən pulsuz göstərilir. Təcili tibbi yardıma gecə-gündüz (012) 103 nömrəsinə zəng etməklə müraciət etmək olar. Bundan başqa, pullu tibbi klinikalar və xidmətlər də vardır ki, bunların həkimləri ingilis dilini bilirlər. Apteklərdə böyük seçimdə dərman vasitələri olur. Onların çoxu gecə-gündüz işləyir.

  • Bayramlar və qeyri-iş günləri

    1-2 yanvar — Yeni il bayramı;
    20 yanvar — Ümumxalq hüzn günü;
    8 mart — Qadınlar günü;
    20, 21, 22, 23, 24 mart — Novruz bayramı;
    9 may — Faşizm üzərində qələbə günü;
    28 may — Respublika günü;
    15 iyun — Azərbaycan xalqının milli qurtuluş günü;
    26 iyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
    9 noyabr — Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
    31 dekabr — Dünya azərbaycanlılarının həmrəyliyi günü.

  • Dini bayramlar

    Ramazan Bayramı (tarixlər dəyişir)
    Qurban Bayramı (tarixlər dəyişir)

  • Banklar və valyuta mübadiləsi

    Adətən, malların və xidmətlərin dəyərinin ödənilməsi zamanı milli valyutadan – manatdan istifadə olunur. Odur ki, ölkəyə daxil olarkən ödənişləri nağd pulla həyata keçirmək üçün özünüzlə milli valyuta əskinazları götürməlisiniz. Nağdsız ödənişlərdə isə valyutanız konvertasiya olunacaqdır. Məsləhət görülür ki, valyutanı yalnız nəzərdə tutulan xərclər müqabilində, özü də bankların mübadilə mərkəzlərində və ya bankların özündə dəyişəsiniz, pulu heç vaxt küçələrdə dəyişməyin. Banklarda və  paytaxtın bir çox  yerlərində, habelə digər iri şəhərlərdə, aeroportda yerləşən  məntəqələrdəki mübadilə məzənnələri bir-birindən cüzi fərqlənir. Bəzi otellərin və mağazaların  özlərinin mübadilə məntəqələri olur.  Bakıda banklar 9.00-9.30-dan 17.30-dək işləyir (bəzi banklar gecəyədək, mübadilə məntəqələrinin çoxu isə gecə-gündüz işləyir), əyalətlərdə bankların iş saatları, bir qayda olaraq,  10:00-dan 17:00-18:00-dək davam edir (bəzi banklar müştəri ilə ancaq nahara kimi işləyir).

    Kredit kartları ödənişə bütün paytaxt mağazalarında, otellərdə və banklarda qəbul olunur. Kredit kartlarından istifadə əyalətlərdə də daha geniş istifadə olunmağa başlanmışdır. Regionlarda olan iri mağazalar və turist obyektləri POS-terminallarla təchiz olunduğundan «nağdsız» ödənişləri də qəbul edirlər.

  • Təhlükəsizlik

    Azərbaycan – regionun ən stabil və təhlükəsiz ölkəsidir. Cinayətkarlıq, demək olar ki, yox dərəcəsindədir, şəhərlərin küçələrində təmizlik və qayda-qanun hökm sürür.
    Azərbaycanlılar qanunlara riayət edən  səmimi xalqdır, onlar özgə adət- ənənələrinə  hörmətlə yanaşırlar. Görünür elə buna görədir ki, turistlər burada özlərini evlərindəki kimi rahat hiss edirlər və ona görə də təkrar-təkrar bura gəlmək istəyirlər. Dünyanın ən tolerant ölkələr siyahısında ön yerləri tutur.

  • Ermənistan və Dağlıq Qarabağ ilə bağlı məsələlər

    Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, o müvəqqəti olaraq erməni silahlı qüvvələrinin işğalı altındadır. Əlbəttə ki, azərbaycanlılar turistlərin Ermənistanın ərazisindən Dağlıq Qarabağa getmələrini ürək acısı ilə qarşılayırlar. Əgər turist Dağlıq Qarabağa getmişsə və onun pasportunda müvafiq qeydlər varsa, ona viza almaqdan imtina ediləcək və Azərbaycana gəlməyə icazə verilməyəcəkdir, çünki o, qanunu pozmuş və dövlətimizin ərazisinə qeyri-qanuni daxil olmuşdur.

    Bu məsələyə səbirlə və bütün ciddiliyi ilə yanaşmaq lazımdır. Belə halda siz azərbaycanlıların hisslərinə hörmət göstərmiş olarsınız. Bundan başqa, Azərbaycan işğal olunmuş ərazilərdə turistlərin təhlükəsizliyini təmin edə bilməz. 

  • Çaypulu

    Bir çox restoranlarda çaypulu hesabın məbləğinin 5-10%-ni təşkil edir. Əgər menyuda bu, göstərilməmişsə, hesabın məbləğinə  10% atırmaq olar. Aeroportda  yükün miqdarından asılı olaraq yükdaşıyana 5-10 manat saxlamaq olar. Taksidə çaypulu vacib deyil, lakin sayğaclar qoyulmuş «London keblərində» sürücülərə çaypulu vermək qəbul olunmuşdur. Əgər taksidə sayğac yoxdursa, gediş haqqını əvvəlcədən razılaşdırmaq lazımdır (taksidə adətən valyuta götürülmür).

  • İnternet

    İnternet çox tez inkişaf edir. SuperOnline, AdaNet, AzEuroTel, Bakinternet və digər provayderlər  bütün internet-qəhvəxana şəbəkələrinin işini təmin edirlər.  Giriş qiymətləri yerindən asılı olaraq bir saat üçün 0,4-dən 0,8 avroyadək tərəddüd edir.

    İnternet-qəhvəxanalar Azərbaycanın nəinki Bakı şəhərində, habelə böyük-kiçik şəhər və qəsəbələrində də yayılmışdır. Bu qəhvəxanalar kompüter oyunları oynayan gənclər arasında xüsusilə məşhurlaşmışdır, odur ki, orada səs-küy olacağını və papiros tüstüsündən nəfəs almağın mümkün olmayacağını nəzərə almaq lazımdır.

  • Mobil rabitəsi

    GSM 900 standartlı mobil rabitəsi bütün ölkə üzrə çox tez inkişaf etməyə başlamışdır. Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir, bunlar Azercell, Bakcell və Azerfondur (Nar Mobile). Rouminq bütün dünyada fəaliyyət göstərən 300-ə kimi operatorun abunəçilərinə müyəssərdir. Ölkənin, demək olar, bütün ərazisi (işğal olunmuş ərazilər istisna olmaqla) mobil rabitə ilə əhatə edilmişdir. Şəhər aparatından mobil şəbəkəyə çıxmaq üçün kod (0)50 və (0) 51{Azercell, GSM-kod 40001, yeddi rəqəmli nömrə }, (0)55 (Bakcell, GSM-kod 40002, yeddi rəqəmli nömrə), (0) 70 və (0) 77 (Azerfon, yeddi rəqəmli nömrə) yığılır.

    3G xidmətləri Bakı metropoliteninin nəinki bütün stansiyalarında, habelə tunellərində də yayılmışdır. 3G şəbəkəsinin tətbiqinə Azerfon şirkəti (Azərbaycanda fəaliyyət göstərən üç mobil rabitə operatorlarından birinci olaraq lisenziya alan şirkət) 2009-cu ilin dekabr ayından başlamışdır. 

    Lakin tərəqqi bir yerdə dayanmır, odur ki, artıq 2012-ci ilin may ayından mobil rabitə operatoru Azercell LTE texnologiyası  bazasında yüksək sürətli  4G şəbəkəsini istismara buraxdı.

  • Telefon rabitəsi

    Azərbaycanın telefon rabitəsi müasir avadanlıq üzərində qurulmuşdur. Paytaxtda çoxlu miqdarda taksofonlar vardır. Onlardan çoxu bir neçə növ telefon kartoçkaları ilə işləyir və jetonlar da qəbul edir, onlar poçt şöbələrində, telefon şirkətlərinin ofislərində, paytaxtın dəmiryol vağzalında və digər ictimai yerlərdə satılır. Bütün aparatlar şəhərdaxili rabitəni təmin edir, lakin bundan başqa, birbaşa beynəlxalq və şəhərlərarası xətlərə də çıxışları var.

    Ölkənin beynəlxalq kodu- 994-dür. Bakının kodu – 12-dir. Azərbaycana zəng etmək üçün - +994 + şəhərin kodunu + lazım olan abonentin nömrəsini yığmaq lazımdır.

  • İncəsənət əsərlərinin, xalçaların və kürünün aparılması

    Əgər siz incəsənət əsərləri, xalçalar və kürü almışsınızsa, onda  sizə aşağıdakıları bilmək lazımdır:
    Xalçalar və xalça məmulatları alarkən sizə Azərbaycan dövlət xalça və xalq tətbiqi sənəti  muzeyində sertifikat almaq lazımdır. Bunun üçün aldığınız xalçanı göstərmək və onun aparılmasına icazə verən sənəd almaq lazımdır. Əks təqdirdə sizə onu ölkədən çıxartmağa icazə verməyə bilərlər.
    Muzeyin iş rejimi: çərşənbə axşamı-bazar günü saat 09:00-dan 18:00-dək.
    Sertifikatlar yalnız çərşənbə günləri saat 10:00-dan 13:00-dək verilir. Bir xalça üçün sertifikatın qiyməti – 26 manatdır (verilmə müddəti – 7 gündən sonra).
    Təcili sertifikatın verilməsi qiyməti (müraciət edilən gün verilir) bir xalça üçün 46 manatdır. Ünvan: Bakı, Neftçilər prospekti,123 A.
    Telefon: (+99412) 493-44-17 (şəhər).

    Şəkil və incəsənət əsəri aldıqda, siz Azərbaycanın Milli incəsənət muzeyindən sertifikat almalı olacaqsınız. Bunun üçün həm əsərin özünü, həm də onun foto-şəklini təqdim etmək lazımdır. İcazə sertifikatı olmadığı təqdirdə, aldığınız əsərin aparılmasına gömrük rəsmiləşdirilməsi zamanı icazə verilməyə bilər.
    Muzeyin iş rejimi: çərşənbə axşamı-bazar günü saat 09:00-dan 18:00-dək. 
    Sertifikatlar yalnız çərşənbə günləri saat 15:00-dan 17:00-dək verilir. Bir incəsənət əsəri üçün sertifikatın qiyməti –15 manatdır (verilmə müddəti – 4-6 gündür).
    Təcili sertifikatın verilməsinin qiyməti  (verilmə müddəti – 1 gün) 30 manatdır. Ünvan: Bakı, Niyazi küçəsi 9/11.
    Telefon: (+99412) 492-57-89 (şəhər).
    Qeyd etmək lazımdır ki, bir çox satıcılar onlardan alınmış xalça və incəsənət əsərlərinin aparılması üçün icazə sertifikatlarının alınması qayğısını böyük həvəslə öz üzərlərinə götürürlər.
    Alınmış qara kürünün 125 qr. həcmində aparılmasına icazə verilir. Bu malın  Caspian Fish mağazalar şəbəkəsindən alınması məsləhətdir, çünki bazarlarda satan fərdi  satıcılardan alınan malın keyfiyyətinə zəmanət vermək olmaz.