Azərbaycanda ucuz qiymətə necə istirahət etmək olar

Belə bir fikir yaranmışdır ki, Azərbaycanda, xüsusilə də, ölkənin paytaxtında istirahət etmək heç də ucuz zövq deyil. Bu, müəyyən dərəcədə belədir: şəhərdə ən tələbkar müştərilərin zövqünün təmin edilməsinə hesablanmış kifayət qədər otel, restoran və statuslu müəssisələr fəaliyyət göstərir. Lakin Bakıda yalnız dolu pul kisə sahiblərinin özünü rahat hiss edəcəyini sübut etməyə çalışmaq – yumşaq desək, düzgün olmazdı. Dövlət artıq bir çox illərdir ki, Azərbaycanda və xüsusilə də paytaxt regionunda turizm sahəsini fəal şəkildə genişləndirir: müxtəlif dərəcəli otellərin sayı artır, xidmət infrastrukturu yaxşılaşdırılır, göstərilən xidmətlərin siyahısı artırılır. Həm də Sizi əmin edirik ki: kifayət qədər kiçik büdcəyə malik olmaqla, Bakıya gəlmək və çox gözəl vaxt keçirmək olar! Bu fikri əsaslandırmağa çalışaq.

  • Yol

    Planlaşdırma həmişə iqtisadiyyatın zəmini olmuşdur. Siz gələcək səfərinizin vaxtını qabaqcadan, mümkün qədər tez müəyyənləşdirməyə çalışın, onda aviabiletlərdə əhəmiyyətli dərəcədə qənaət etmiş olacaqsınız. Aviaşirkətlər çox vaxt mövsümlərarası, xüsusilə də yanvar-fevral aylarında güzəşt aksiyaları keçirirlər və bunun sayəsində yalnız göstərilən müddətə deyil, həm də cari ilin istənilən digər günləri üçün bilet əldə etmək mümkündür. Xüsusilə belə kampaniyaları Azərbaycanın dövlət aviadaşıyıcısı olan AZAL tez-tez keçirir.

    Bundan əlavə, Wizz Air, Flydubai və ya Pegasus Airlines kimi dünyanın bir sıra tanınmış büdcə (Low Cost) aviaşirkətləri də Azərbaycana uçuşlar həyata keçirirlər. Məsələn, Wizz Air təyyarələri Budapeşt-Bakı-Budapeşt marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Wizz Air şəbəkəsi, öz növbəsində, Budapeştdə bütün dünya üzrə 34 istiqamətdə uçuşları əhatə edir və turistlər üçün Azərbaycana logistik qapı rolunu oynaya bilər. Tariflərə gəldikdə isə, onlar sadəcə olaraq inanılmazdır: Wizz Air-in Bakıya uçuş biletlərinin qiyməti 60 avrodan başlayır (vergilər nəzərə alınmaqla, bir istiqamətdə). Flydubai və Pegasus Airlines qiymətləri bir qədər yuxarıdır və Avropadan Azərbaycana reyslərin qiyməti 160 manatdan (€151) başlayır. Qeyd edək ki, bir çox büdcə aviaşirkətlərinin ümumi cəhəti digər daşıyıcıların öz sərnişinlərini əyləndirdiyi bir sıra əlavə xidmətlərin (pulsuz yemək, göyərtədə əyləncələr və sair) olmamasıdır. Lakin siz həmişə, məsələn Flydubay reyslərində əlavə ödəniş etməklə yemək əldə edə bilər və ya monitorda filmə baxa bilərsiniz.

    Əgər Azərbaycana səyahət etmək arzusu öz-özünə yaranmışsa və ya gözlənilmədən əlinizə boş bir həftə düşmüşsə, qənaət etmək imkanını isə əldən vermək istəmirsinizsə – ruhdan düşməyin, həmişə alternativ çıxış yolu olur. Məsələn, Rusiyadan, Ukraynadan, Gürcüstandan, Türkiyədən və bir sıra digər ölkələrdən Azərbaycana qatarla və ya reys avtobusu ilə getmək olar. Məsələn, Moskva-Bakı qatarına biletlərin qiyməti €131 (6 189 rubldan), Rostovdan Bakıya €68 (3 243 rubldan) başlayır, Xarkovdan Bakıya qatarla gediş haqqı €107 (1 685 qrivendən), Tbilisidən isə €12 (30 laridən) başlayır.

    Reys avtobusunda səyahət etmək daha ucuz başa gələcəkdir. Məsələn, Moskva-Bakı reys avtobusuna biletlər €78 (3 700 rubldur) (yeri gəlmişkən, avtobusun marşrutu Rostovdan keçir). Tbilisidən Bakıya gedən avtobusa biletlərin qiyməti isə elə €12 təşkil edir. .

  • Yaşama

    Əgər büdcəniz buna imkan verirsə, əlbəttə ki, siz Hilton, JW Marriott Hotel Absheron Baku və digər oxşar otellərdə qala bilərsiniz: burada qiymətlər təxminən həmin şəbəkələrin dünya üzrə digər otellərində olan qiymətlər kimidir. Lakin paytaxtda az tanınan, və kifayət qədər sərfəli qiymətlərlə yaxşı xidmət təklif edən digər mehmanxanalar da az deyil. Xüsusilə 3 və 4 ulduzlu otellərə diqqət yetirmək olar. Onların arasında Beynəlxalq Bakı Avtovağzalının ərazisində yerləşən Comfort Inn Hotel də var. İki nəfərlik səhər yeməyi ilə birlikdə standart nömrənin qiyməti burada 50 manat (€47) təşkil edir. Qrup şəklində yerləşdikdə isə 3 dəfə yemək ilə birlikdə adambaşına 30 manatdan (€28) başlayır. Əgər şəhərin mərkəzinə yaxın yerdə qalmaq arzusunda olarsınızsa, onda səhər yeməyi ilə birlikdə ikinəfərlik nömrə 90 manata (€85) başa gələcəkdir və yaxud Fəvvarələr Meydanından və bahalı butiklərdən piyada 5 dəqiqəlik məsafədə yerləşən 4 ulduzlu sahil oteli Central Parkda səhər yeməyi ilə birlikdə standart nömrə 100 manata (€94) başa gələcəkdir. Bakının tarixi mərkəzində – Köhnə Şəhərdə və ya başqa cür adlandırılan İçəri Şəhərdə çoxlu sayda kiçik butik-otellər yerləşir. Onların arasında Sultan Inn, Atropat Hotel və digərləri var. Belə variantlar çoxdur. Əlbəttə, bu gün çoxlarının booking.com-a bənzər onlayn bronlama sistemləri haqqında məlumatı var və istifadə edə bilirlər. Orada nəinki dünyada olan bu və ya digər mehmanxanaların xarakteristikaları ilə tanış olmaq, həm də göstərilən tarixlərə nömrə bronlamaq olar. Lakin təklif edilən qiymətlərə ciddi şəkildə əsaslanmağı sizə məsləhət görməzdik: yerlərdə qiymətlər çox vaxt saytda təklif ediləndən aşağı ola bilər (komissiyalar nəzərə alınmaqla). Ola bilsin ki, sizin və tanışlarınızdan hər hansı birinin Azərbaycanda dostları və ya qohumları var. Məsləhət üçün onlara müraciət edin: bir qayda olaraq, yerli sakinlərin doğma şəhərdə yerləşmək və yaşamaq barəsində ən sərfəli variantlar haqqında məlumatı olur. Sizə mütləq kömək edərlər!

    Daha bir məsləhət: əgər internet şəbəkəsindən istifadə etməklə özünüz üçün Azərbaycanda otel nəzərdə tutmusunuzsa, həmin mehmanxananın elektron ünvanını tapın və sizi maraqlandıran bütün sual və təklifləri poçt ilə göndərin. Bakıda otellərin böyük əksəriyyəti müştərilərə fərdi yanaşma təcrübəsindən istifadə edirlər və sizi qane edən qiymətlərdə xidmət paketini təklif edəcəkləri istisna deyildir.

    Dəbdəbəli otellər mövzusuna qayıdarkən, burada da qənaət etmək variantının olması haqqında danışmaq olar. Məsələn, tanınmış Fairmont şəbəkəsinin Bakıda yerləşən oteli The Entertainer Travel 2014 bonuslar kitabına daxil edilmişdir. Bu kitabı, müvafiq axtarış verməklə, ebayda 3-4 $ müqabilində sifariş etmək olar və yaxud www.theentertainerrus.com saytından The Entertainer Dubay 2014 kompleks güzəştlər kitabını sifariş etməklə, onu hədiyyə kimi əldə etmək olar. Qeyd edək ki, kitaba daxil edilən vauçerlə Fairmont Baku otelində bir gecəni sifariş etdikdə, sizə ikincisini pulsuz əldə etmək imkanı veriləcəkdir.

    Nəticədə, əgər siz Bakıda bir ay və ya artıq müddətə qalmağı arzu edirsinizsə, mənzil kirayə etmək ən ağıllı variant olacaqdır. Paytaxtda mənzillərin kirayə qiyməti işgüzar mərkəzdən uzaqlığından asılı olaraq çox fərqlənir və orta hesabla ayda 300 manatdan (€285) başlayır. Paytaxtda mənzil kirayəsi haqqında daha geniş məlumatı şəhərin New Europe (www.neweurope.az) kimi iri rieltor agentliklərindən əldə etmək olar.

  • Qidalanma

    Bakıda McDonalds və KFC kimi şəbəkə fastfudlarından tanınmış Chinar restoranı kimi bahalı statuslu restoranlaradək müxtəlif dərəcəli və kateqoriyalı restoran və kafelər fəaliyyət göstərir. Bundan başqa, şəhərdə milli və Avropa mətbəxlərinin yeməklərini təklif edən çoxlu sayda ucuz kiçik restoranlar var. Belə ki, siz dəqiq olaraq ac qalmayacaqsınız. Sanballı paytaxt restoranında təxmini hesab 25 manata (€23) yaxın təşkil edir. Orta səviyyəli kafe və restoranda $8-10 arası nahar və ya şam etmək olar.

    Unutmayın ki, bir çox dəbdəbəli restoranlar gündüz vaxtı standart yemək dəstindən: birinci, ikinci, salat və zövqə görə içkidən ibarət olan biznes-lanç adlanan menyunu təklif edirlər. Belə təklifin qüvvədə olma müddəti, bir qayda olaraq, saat 12:00-dan 15:00-dək olan vaxtla məhdudlaşdırılır, qiyməti isə 5 – 8 manat (€4,5-7,5) arasında dəyişir. Misal üçün, Bakının tam mərkəzində, Beynəlxalq Muğam Mərkəzinin binasında yerləşən, milli üslubda bəzədilmiş Ud restoranında, Dövlət Konservatoriyasının binasının arxasında yerləşən La Strada adlı məşhur italyan restoranında və digər oxşar restoranların bir çoxunda nahar edə bilərsiniz.

    Çoxları bilir ki, şəhərin mərkəzində çox cüzi məbləğə tez və əməlli-başlı nahar etmək mümkün olan çoxlu sayda kafe fəaliyyət göstərir. Nəhayət, supermarketlərdə alış-veriş edə, iştah gətirən hazır salat və yeməkləri, yarımfabrikatları əldə edə bilərsiniz və ya ərzaq alaraq özünüz hazırlaya bilərsiniz. Bir az fantaziya və sizin doyumlu yeməyiniz təmin olunmuşdur!

  • Regionlar

    Azərbaycan təkcə paytaxtı ilə tanınmır: siz büdcəyə uyğun və eyni zamanda çox mənalı istirahət üçün ölkənin regionlarında da çoxlu maraqlı yerlər tapa bilərsiniz. Qeyd etmək lazımdır ki, qalmaq və qidalanmaq üçün ucuz yerlərin seçimi rayonlarda paytaxta nisbətən daha çoxdur. Məhz burada, təbiətin qoynunda çoxlu sayda, motel, pansionat, sanatoriya və istirahət bazaları yerləşir. Məsələn, siz səhər yeməyi ilə birlikdə vur-tut 20 manat (€19) müqabilində Şəkidə tarixi “Şəki-Karvansara”da birnəfərlik nömrədə qala bilərsiniz. Bu, təkcə mehmanxana deyil, həm də şəhərin ən çox tanınmış görməli yerlərindən biri – XVIII yüzilliyin əsil karvansarasıdır. Əgər dənizin sahilində istirahət etmək arzusundasınızsa, onda məşhur kurort zonası Nabrana gəlin. Burada, məsələn, Atlant istirahət və əyləncə mərkəzində qalmaq olar. Sutkada adambaşına 45 manat (€42,5) müqabilində sizi oteldə yerləşdirəcək, 3 dəfəlik yeməklə və 50-dən çox növdə əyləncələrlə təmin edəcəklər. Bundan başqa, Azərbaycanın bir çox tanınmış istirahət yerlərində qidalanma olmadan sutkası 30 manata (€28) kottec kirayə etmək olar. Bir qayda olaraq, belə yerlərdə asanlıqla kafe və restoran tapmaq olar və burada sizə 5-10 manata (€4,5-9,5) “ürəklə” yemək verərlər. Meşənin səfalı guşəsində və ya çay kənarında köşkdə oturaraq kabab və bişmiş kartofla improvizasiyalı gəzinti təşkil etmək xüsusi zövq verəcəkdir.

    Dünyada unikal, yeganə müalicəvi neft yatağı ilə tanınan kurort şəhəri Naftalanda istirahət etmək çox gözəl seçim ola bilər. Burada dəbdəbəli, həm də kifayət qədər ucuz olan Chinar Hotel&Spa Naftalan kompleksi yerləşir. Bu kompleksdə yaşayış qiyməti 70 manatdan (€66) başlayır və həmin qiymətə yalnız tam pansion deyil, həm də müalicə prosedurları daxildir. Maraqlıdır ki, dünyada yeganə olan “Qoltuqağacı muzeyi” məhz Naftalanda yerləşir. Burada kurorta gələrkən onların köməyi olmadan hərəkət belə edə bilməyənlər tərəfindən qoyub gedilən və imzalanan müxtəlif konstruksiyada və ölçülərdə yüzlərlə qoltuqağacına rast gəlmək olar.

    Regionlarda əyləncələrlə bağlı vəziyyət tam qaydasındadır. Qusarda qışda xizəklərlə, yayda isə at belində gəzmək, Mingəçevirdə Kür çayı üzərində kater və skuterlərlə üzmək pis olmazdı, Qəbələ isə kompleks əyləncə həvəskarları üçün cazibə mərkəzidir – Qafqazın açıq səma altında yerləşən ən böyük attraksion parkı – Qəbələnd məhz burada yerləşir.

    Odur ki, ürəkli olun, ən yaxşı variantları öyrənin, axtarın və o zaman biz əmin olarıq ki, Azərbaycanda istirahət sizdən böyük maddi məsrəflər tələb etməyəcək və həm də uzun müddət xatirənizdə qalacaq!